Rusiya, Moskva, 28 sentyabr /Trend, müxbir A.Qasımova/
ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri məlumatlın əldə edilməsi baxımından faydalıdır. M.V.Lomonosov adına MDU-nun Postsovet Məkanında İctimai-Siyasi Proseslərin Öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzinin baş direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bu fikirdədir.
"Bu səfər Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə əlavə diqqət cəlb edəcək", - Vlasov Trend-in jurnalistinə Moskvada bildirib.
Onun fikrincə, Azərbaycan bu tendensiyanı saxlamalı və beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ zonasında işlərin real vəziyyətini nümayiş etdirməlidir.
"Bu, ölkə haqqında müsbət imicin formalaşması üçün yeganə düzgün qərardır. Və bu baxımdan, ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri vacibdir", - politoloq qeyd edib.
Onun sözlərinə görə, qiymətləndirmə missiyasının araşdırmalarının nəticələri Azərbaycana fayda gətirəcək.
"Məlumatın əldə edilməsi baxımından missiya başa çatandan sonra dərc ediləcək bu sənədlər çox mühümdür", - Vlasov qeyd edib.
"Bu sənədlərin praktik qərarlar müstəvisinə keçməsi amilini nəzərə alsaq, burada problemlər yarana bilər; belə ki, hüquqi münasibətlərin beynəlxalq sistemi mürəkkəbdir və bu sənədlərin təqdim edilməsi Beynəlxalq Məhkəmədə uzun araşdırmalara gətirib çıxaracaq", - o hesab edir.
"Beynəlxalq araşdırmalar məsələsində bu missiya, çətin ki, hansısa ciddi nəticələrə səbəb ola bilsin; belə ki, vasitəçilərin imkanları çox məhduddur", - Vlasov bildirib.
ATƏT Minsk qrupunun həmsədrləri ABŞ-da keçirilən görüşlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qiymətləndirmə missiyasının Dağlıq Qarabağ ətrafındakı ərazilərə səfərə hazırlıq barədə məlumatlandırıblar. Səfər oktyabrın 4-dən 14-dək keçiriləcək. Bu barədə ATƏT Minsk qrupunun rəsmi bəyanatında deyilir.
"Həmsədrlər BMT nümayəndələri ilə Cenevrə və Nyu-Yorkda bundanəvvəlki görüşlərinə əsaslanaraq, BMT-nin İnkişaf Proqramının və Qaçqınlarla İş üzrə Ali Komissarlığın ekspertlərinə missiyada iştirakla bağlı müraciət ediblər", - bəyanatda deyilir.
Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti öyrənəcək. Minsk qrupu həmsədrləri son səfərləri zamanı bu ərazilərdə olublar və vəziyyətlə tanış olublar. Vasitəçilərin işğal olunmuş torpaqlar haqqında hesabat hazırlayacaqları gözlənilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.