Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/
Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan hərbçisi 27 yaşlı Elgiz Məhəmməd oğlu Rüstəmov yaralanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullyev bildirib.
Hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 1983-cü il təvəllüdlü Elgiz Məhəmməd oğlu Rüstəmov Ağdamın Qaraqaşlı kəndi istiqamətində ermənilərin açdığı atəş nəticəsində sol budundan güllə yarası alıb.
Abdullayevin sözlərinə görə, yaralanan əsgər hospitala yerləşdirilib və onun vəziyyəti kafidir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.