...

Ermənistan anlamalıdır ki, Azərbaycan şəhərlərinin adlarının dəyişdirilməsi konstruktiv danışıqlar prosesinə mane olur – Azərbaycan XİN (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2010 16:13 (UTC +04:00)

RED. əlavəsi: üçüncü abzasdan sonra Azərbaycan XİN-in rəsmi nümayəndəsinin sözləri əlavə edilib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ respublikası"nın Azərbaycanın Ağdam rayonunun adının ermənicə Akna adlandırılması haqqında qərarını gülünc hesab edir.

"Qondarma "Dağlıq Qarabağ respublikası"nın bu qərarı yalnız gülüş doğurur", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov çərşənbə axşamı Trend-ə bildirib.

Qondarma "Dağlıq Qarabağ respublikası" "hökuməti"nin qərarı ilə Ağdamın adı dəyişdirilərək Akna adlandırılıb və Əsgəran şəhərinin məhəllələrindən biri olub. Bu barədə Armenia Today məlumat verib.

"Bu qərarın dəyəri yalnız həmin sənədin hazırlanması üçün istifadə olunan kağız və mürəkkəblə hesablanır. Lakin bununla yanaşı, erməni tərəfinin belə addımlar atmaq və işğal olunmuş ərazilərə dəvət edilən müxtəlif xarici qonaqlara separatçı qurumu müstəqil dövlət kimi təqdim etmək cəhdləri təəccüb doğurur", - Poluxov hesab edir.

Onun sözlərinə görə, görünür ki, Ermənistanın siyasi dairələrində hələ də elə qüvvələr var ki, onlar konstruktiv dialoqu davam etdirməkdənsə, regionda hərtərəfli sülhə nail olunmamasına, vəziyyəti gərginləşdirməyə çalışırlar.

"Erməni siyasi elitası anlamalıdır ki, bu tip gülünc doğuran addımlar ciddi nəticələrə gətirib çıxara bilər", - XİN nümayəndəsi bildirib.

"Təcrübə göstərir ki, erməni tərəfinin Dağlıq Qarabağa dəvət etdiyi xarici vətəndaşlar səfərə qədər vəziyyətdən xəbər tutduqdan sonra ondan imtina edirlər. Fransalı aktyor Jerar Depardye və Dağlıq Qarabağa aldadılaraq gətirildiyini etiraf edən rusiyalı müğənni Katya Lel ilə bağlı əhvalat buna parlaq nümunədir", - Poluxov deyib.

Onun fikrincə, erməni tərəfi anlamalıdır ki, bu cür cəhdlər heç bir şəkildə regionda uzunmüddətli sülhün əldə olunmasına xidmət edə bilməz və konstruktiv danışıqlar prosesinə maneə yaradır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti