...

Dağlıq Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının problemi olmalıdır - deputat Qənirə Paşayeva (FOTO) (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2010 11:11 (UTC +04:00)
Dağlıq Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının problemi olmalıdır.
Dağlıq Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının problemi olmalıdır - deputat Qənirə Paşayeva (FOTO) (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Dördüncü abzasdan sonra Qənirə Paşayevanın Dağlıq Qarabağa dair çıxışı əlavə olunub.

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının problemi olmalıdır. Bunu Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva dekabrın 2-də Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) "XXI əsrdə türk dünyası" adlı beynəlxalq simpoziumda çıxışı zamanı bildirib.

"Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının problemi olmalıdır və dünyanın hər yerində yaşayan türklər və onların təşkilatları bu problemin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdır. Dünyanın müxtəlif bölgələrində yaşayan biz türklər problemlərimizə "sənin", "mənim", "onun" deyil, "bizim" problemimiz kimi baxmağı bacarmalı, ona qarşı birgə mübarizə aparmalı, onun həlli istiqamətində birgə çalışmalıyıq", - Paşayeva deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Biz sizin televiziyalarınız və qəzetləriniz vasitəsilə qazax, türkmən, özbək, qırğız, Balkan, Türkiyə, İraq, Rusiya, Kipr türklərini və dünyanın hər yerində yaşayan türk qardaş və bacılarımızı çağırırıq ki, Qarabağ problemini, Xocalı soyqırımını öz problemləri kimi hiss etsinlər, Ermənistanın işğalçılığı, erməni yalanları qarşısında bir Azərbaycan türkü, bir azərbaycanlı kimi mübarizə aparsınlar. Eyni zamanda, biz ermənilərin qondarma "erməni soyqırımı" yalanlarına qarşı da birgə mübarizə aparmalıyıq, müdafiədən hücuma keçməliyik, ermənilərin bütün dünyanın gözü qarşısında 18 il əvvəl Xocalıda törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində birgə çalışmalıyıq", - deputat çıxışında bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən "biz müdafiədən hücuma keçməliyik" sözlərini xatırladan millət vəkili Azərbaycanın bu istiqamətdə gördüyü işlərdər danışıb və vurğulayıb ki, qondarma "erməni soyqırımı" iddiaları, ermənilərin Azərbaycanla, onun ayrılmaz parçası olan Qarabağla bağlı dünyada apardıqları yalan kampaniyasına qarşı bütün türklər birgə mübarizə aparmalıdır.

"Bu gün erməni diasporu, lobbisi öz havadarlarının dəstəyi ilə dünyanın bəzi ölkələrinin parlamentlərində qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qərarların qəbulu üçün çalışırlar. Bunların qarşısının alınması istiqamətində xaricdə yaşayan insanlarımız, haradan gəlməsindən asılı olmayaraq bütün tüklər birgə mübarizə aparmalıdır. Ermənilər 2015-ci ilə - qondarma "erməni soyqırımı"nın 100 illiyinə qədər bu istiqamətdə addımlar atılacağını deyirlər. Düşünün, bu cür qərarlar orada yaşayan insanlarımıza, hardan gəlməsindən asılı olmayaraq bütün türklərə nə qədər böyük bir zərbə ola bilər. Təbii ki, onlar bu yalanın doğru olmadığını deyəcəklər və onların hansı problemlərlə üzləşə biləcəyini düşünmək belə, insanı dəhşətə gətirir. Ona görə də dünyanın hər bir ölkəsində türkiyəli, azərbaycanlı, qazax, özbək, qırğız, türkmən, kiprli, iraqlı və.s demədən, türklər bu yalanların qarşısının alınmasında ciddi və birgə çalışmalı, ermənilərin Xocalıda törətdiyi soyqırımın tanıdılması istiqamətində səylərini gücləndirməlidirlər" - Paşayeva bildirib.

Millət vəkili qeyri-hökumət təşkilatları, diaspor təşkilatları ilə yanaşı kütləvi informasiya vasitələrinin də bu istiqamətdə fəaliyyətinin artırılmasının vacibliyindən danışıb. "KİV bu istiqamətdə daha fəal rol oynaya bilər" deyən millət vəkili virtual məkanın gücündən də danışıb və türk gənclərini bu məkandan erməni yalanlarının qarşısının alınması və həqiqətlərin daha geniş yayılması istiqamətində daha çox istifadəyə çağırıb.

Dekabrın 2-də ŞKTC-də "XXI əsrdə türk dünyası" adlı beynəlxalq simpozium öz işinə başlayıb. Simpoziumda türk dövlət və topluluqlarından gəlmiş, müxtəlif ixtisas sahibi olan 60-dan çox alim, tətdqiqatçı, QHT rəhbəri, KİV nümayəndələri iştirak edirlər. Simpozium Avrasiya Ekonomik İlişkilər Dərnəyi (Türkiyə) və Lefke Avropa Universiteti (ŞKTC) tərəfindən təşkil edilmiş və Keçiörən Bələdiyyəsi (Ankara), Yunus İmrə İnstitutu, TÜRKSOY, Dünya Gənc Türk Yazarlar Birliyi (TÜRKSAM), kimi təşkilatlar tərəfindən də dəstəklənib. Respublikamız simpoziumda geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Simpoziumun açılış mərasimində təşkilatçılar - Avrasiya Ekonomik İlişkilər Dərnəyinin rəhbəri Hikmət Ərən, Lefke Avropa Universitetinin rektoru, professor-doktor Əhməd Bülənd Göksəllə yanaşı, ŞKTC -nin başqanı Dərviş Əroğlu, ŞKTC Məclis başqanı Həsən Bozər, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, Türk Dünyası Bələdiyyələr Birliyi başqan vəkili İsmayıl Kavunçu, TÜRKSOY başqanı professor Düsen Kaseinov, Keçiörən bələdiyyə başqanı Mustafa Ak çıxış ediblər.

Paşayeva öz çıxışında türk dünyasının ağrılı problemlərinə, xüsusilə Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlının bu gün də qaçqın və məcburi köçkün həyatı yaşaması və Ermənistanın onların öz evlərinə geri dönməsinə imkan verməməsi barədə danışıb. Millət vəkili eyni zamanda, ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu türk dövlət və topluluqlarının yeni formatlı əməkdaşlıq mühiti, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin türk dövlətlərinin və xalqlarının əməkdaşlığının genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Simpoziumun açılış mərasimi "2010-cu il professor-doktor Zəki Vəlidi Toğan mükafatı"nın təqdimatı ilə də əlamətdar olub.

Azərbaycanlı millət vəkili Qənirə Paşayevanın da layiq görüldüyü mükafatla təltif olunanlar arsında Dərviş Əroğlu, Mustafa Kabakçı, İsmayıl Kavunçu, Düsen Kaseinov, Mustafa Ak, habelə Türk "Qızıl Ay"ı da var.

Zəki Vəlidi Toğanın adını daşıyan mükafata layiq görülməsinin onun üçün böyük şərəf olduğunu deyən millət vəkili Qənirə Paşayeva təşkilatçılara "Türk Dünyasını Tanıyaq və Tanıdaq" layihəsi çərçivəsində yazdığı kitabları və Azərbaycan həqiqətlərini özündə əks etdirən materialları hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti