...

Minsk qrupunun həmsədrləri ATƏT-in gələcək sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2010 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Tarıverdiyeva/

Litvanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında sədrliyi zamanı əsas diqqət münaqişələrin aradan qaldırılması və nizamlanmasına yönəldiləcək. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü zamanı xarici işlər naziri Audronyus Ajubalis deyib. Bu barədə Litvanın Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Görüş zamanı Litvanın xarici işlər naziri vurğulayıb ki, münaqişələrin həllinin bütün dövrlərində ATƏT-in katibliyinin, instansiyalarının və missiyasının rolunu möhkəmləndirmək lazımdır. Dialoq zamanı dekabrın 1-2-də Astanada keçirilən ATƏT rəhbərlərinin görüşünün nəticələrinin mövcud münaqişələrin həllinə təsiri müzakirə olunub.

Bundan əlavə, görüş iştirakçıları Ermənistan və Azərbaycan cəmiyyətləri arasında etibarın təşviq edilməsi metodlarının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar, həmçinin, Minsk qrupu və 2011-ci ildə ATƏT-ə sədrlik edəcək Litvanın gələcək əməkdaşlığını müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti