...

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı atəşkəs rejimini kobud şəkildə pozmaqda günahlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Dekabr 2010 11:46 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı atəşkəs rejimini kobud şəkildə pozmaqda günahlandırıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq.

"Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danşıqların gərgin vəziyyətdə olduğu bir zamanda atəşkəs rejimini kobud şəkildə pozması heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq", - Trend-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu jurnalistlərə bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, atəşkəs rejimini qorumaq barədə əldə edilmiş son razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri öz təxribatını davam etdirir.

"Belə ki, dekabrın 17-si saat 21:30 radələrində düşmən tərəfindən atılan artileriya mərmisi cəbhədə vəziyyəti yenidən gərginləşdirib", - Sabiroğlu deyib.

"Aparılan araşdırmalar nəticəsində aydın olub ki, Tərtər rayonunun işğal altında olan Talış yaşayış məntəqəsinin 2,5 km qərb istiqamətindəki mövqelərdən düşmənin BM 21 qrad qurğusundan atdığı 122 mm-lik reaktiv qəlpəli fuqas mərmisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Borsunlu yaşayış məntəqəsinin yaxınlığına düşüb. Mərminin 15-16 km uzaqlıqdan buraxıldığı etimal edilir. Gecə şəraiti olduğundan onun uçuş izi alova görə müşayiət olunub. Mərminin partlayış səsi və zərbə dalğası ətraf yaşayış məntəqələrində hiss edilsə də, zərər çəkən olmayıb", - Sabiroğlu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti