...

Azərbaycan Parlamentinin vitse-spikeri ATƏT-i fəaliyyətsizlikdə günahlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2010 09:15 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının qış sessiyasında Astana sammitinin yekunları gündəmə gətiriləcək.
Azərbaycan Parlamentinin vitse-spikeri ATƏT-i fəaliyyətsizlikdə günahlandırıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir T.Hacıyev/

ATƏT Parlament Assambleyasının qış sessiyasında Astana sammitinin yekunları gündəmə gətiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

"ATƏT Astana sammitini keçirdi. Bu sammitdə ATƏT Qarabağ məsələsinə nə lazımi diqqət ayırdı, nə də ümumi bəyanatda onunla bağlı bir münasibət oldu. Baxmayaraq ki, bəyanat formasında münasibət var, ancaq yekun sənəddə bizim istədiyimiz maddə yoxdur. O mənada bu məsələ mütləq ATƏT PA-nın gündəliyinə çıxarılacaq", - Muradova əlavə edib.

Son 11 ildə keçirilməyən ATƏT sammiti dekabrın 1-2-də Astanada Qazaxıstanın təşkilata sədrliyi çərçivəsində keçirilib. Sammitə bütün üzv ölkələrin dövlət və hökumət başçıları gəlib.

Sammitdə münaqişə tərəfləri olan ölkələrin - Azərbaycan və Ermənistanın prezidentləri, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bəyanat veriblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çağırır.

"ATƏT kimi bir təşkilatın 11 ildən sonra keçirdiyi tədbirdə bu məsələyə münasibət bildirilməməsi və bu sammitdə müzakirə olunan məsələlərlə bağlı yekdil rəyə gəlinməməsi, bir çox ölkələrin sammiti yarımçıq tərk etməsi ATƏT-in bir təşkilat olaraq öz işinə, səlahiyyətlərinə qeyri-ciddi yanaşmasını göstərir. Bu da onun imicinə mənfi təsir edir. ATƏT PA-da bu, mütləq söylənəcək", - o, bildirib.

Muradova deyib ki, ATƏT-in Parlament Assambleyası Qarabağ problemi ilə bağlı hər hansı bir məsələni müzakirə etməyib, qərar qəbul etməyib.

"Yekun bəyanatlarda bununla bağlı fikirlər var, ancaq biz müzakirəni ayrıca məsələ kimi ortaya qoyuruq. Amma ATƏT PA görünür, ATƏT-in özünün bu sahədəki uğursuzluqlarını nəzərə alaraq, Qarabağ məsələsini ayrıca müzakirəyə çıxarmaq istəmir", - Muradova deyib.

Muradova bildirib ki, ATƏT münaqişələri həll etmək baxımından qəti mövqe ortaya qoymaq istəmir.

"Bəziləri deyir ki, ATƏT-in imkanı yoxdur, təşkilat kimi öz rolunu başa vurub. Mən belə deməzdim. Çünki ATƏT-də 56 ölkə cəmləşib və dünyanın ən aparıcı ölkələri bu təşkilatın üzvüdür. ATƏT-in bir təşkilat kimi fəaliyyətində Amerika da mühüm rol oynayır. Bu mənada Qarabağ məsələsində öz mövqeyini ortaya qoymaq üçün təşkilatın geniş imkanları var", - vitse-spiker qeyd edib.

Muradova deyib ki, 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında münaqişə yaranarkən ATƏT qəti mövqe sərgiləyə bilib.

"Avqust müharibəsi zamanı ATƏT qısa bir müddətdə ora missiya göndərdi, həmin missiya çox ciddi hesabat hazırladı, müzakirə aparıldı, müvafiq sənəd qəbul edildi. Eyni mövqeni başqa konfliktlərə qarşı da nümayiş etdirmək olar. ATƏT-i yönləndirən ölkələr istəsələr, həmin təşkilatın gücündən istifadə edə bilərlər. Görünür, onlar hələ bunu istəmirlər", - o, deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti