Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/
Ermənistan hakimiyyəti növbəti dəfə ictimai rəyi çaşdırmaq istəyir. Bunu Trend-ə bazar ertəsi Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib.
"Ermənistan getdikcə dalana dirəndiyindən, belə qanunlarla ictimai rəyi çaşdırmaq istəyir, beynəlxalq rəyi öz tərəfinə yönəltməyə çalışır", - Qasımlı bildirib.
Ermənistan parlamentində "Azərbaycanlıların ermənilərə qarşı 1988-1994-cü illərdə törətdiyi cinayətlərin soyqırım kimi tanınması haqqında" bəyanat layihəsinin müzakirəsi gözlənilir. Qanun layihəsini parlamentdə təmsil olunan "Nasledie" ("İrs") partiyası tədqim edib.
Qasımlı hesab edir ki, hakimiyyət bu cür addımlarla Ermənistan daxilində öz mövqelərini möhkəmləndirməyə çalışır. "Belə addım Ermənistanın təcavüzkarlığını, azərbaycanlılara qarşı törətdiyi soyqırımı ört-basdır etmək üçün bir cəhddir", - deputat bildirib.
Onun sözlərinə görə, əslində Ermənistan Azərbaycana qarşı təcavüz edib, Azərbaycan ərazilərini işğal edib, azərbaycanlılara qarşı soyqırım törədib, onları qaçqın və məcburi köçkünə çevirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.