...

Bakı Qarabağla bağlı danışıqlarda öz iştirakına yenidən baxa bilər - Azərbaycan səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2011 20:05 (UTC +04:00)

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "Praqa prosesi" formatında nizamlanması üzrə danışıqlar prosesində gələcək iştirakının perspektivi barədə "ciddi düşünə" bilər. Bu, Ermənsitan ATƏT-in Minsk qrupunun həmsədrlərinin "Madrid prinsipləri" əsasında irəli sürdükləri təklifləri yubatsa və ya mənfi cavab versə, ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Regional münaqişələrin nizamlanmasının beynəlxalq hüquqi mexanizmləri" konfransı zamanı Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli deyib.

Diplomat xatırladıb ki, 1994-cu ilin mayından etibarən Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun himayəsi altında və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə "hələ ki uğursuz" sülh danışıqları aparırlar. Son vaxtlar dialoq "Madrid prinsipləri" əsasında "Praqa prosesi" çərçivəsində də aparılır. Məhz bu prinsiplər Minsk qrupunun həmsədrlərinin 2009-cu ildə irəli sürdükləri təkliflərin bərpası üçün zəmin olub.

Mədətlinin sözlərinə görə, "Azərbaycan ümumilikdə bu yenilənmiş təklifləri qəbul edib, lakin Ermənistan təəssüf ki, indiyədək öz rəsmi mövqeyini bildirməyib". "Ermənistan tərəfindən yubadılma taktikası davam etdirilsə və ya rəsmi qaydada bu təkliflərə mənfi cavab verilsə, Azərbaycan əlbəttə ki, bu danışıqlarda iştirakının perspektivi üzərində ciddi şəkildə düşünməli olacaq", - Azərbaycanın diplomatik missiyasının rəhbəri bəyan edib. O əalvə edib ki, Bakı "müxtəlif variantları" nəzərdən keçirir və "istənilən yolla" ölkənin ərazi bütövlüyünün bərpasına çalışacaq. Məlumatı "Ukrinform" yayıb.

Mədətli izah edib ki, Azərbaycanın mövqeyi "açıq və aydındır", mümkün kompromislərin çərçivələri isə müəyyən edilib. "Onlar müasir beynəlxalq hüququn - dövlətin tanınmış beynəlxalq sərhədləri çərçivəsində xalqların öz müqəddəratını təyinetmə hüququ ilə suveren dövlətlərin sərhədlərinin toxunulmazlığı üzrə təməl prinsipinə əməl etməyə imkan verir", - Azərbaycan səfiri aydınlıq gətirib. Onun fikrincə, beynəlxalq hüquq prinsipi, eləcə də beynəlxalq təşkilatların qərarları "problemin nizamlanmasının yeganə düzgün yoludur".

Səfir qeyd edib ki, Cənubi Qafqaz regionun sabitliyində əsas rol oynayır. "Və biz çox istərdik ki, burada sülh bərqərar olsun. Və hər üç ölkə - Azərbaycan, Gürcüstan və Ermənistan mehriban qonşuluq münasibətlərində yaşasınlar", - Mədətli vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti