Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/
Meksikanın paytaxtında "Xatirə və dözümlülük" müzeyində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində "Bir daha soyqırıma yol verilməsin!" mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər.
Tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Markos Peres, Meksika Hökuməti yanında İnsan Hüquqları Komissiyasının koordinatoru Leonardo Mier və "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının Meksika üzrə koordinatoru Ximena Olqin çıxış ediblər.
Konfransda Olqin Xocalı soyqırımı haqqında və Xocalıda baş vermiş qəddar cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində "Xocalıya Ədalət" kampaniyasının fəaliyyəti barədə məlumat verib.
Səfir Muxtarov Azərbaycanın tarixi ərazilərinin bölünməsi, XX əsr ərzində baş vermiş deportasiya və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrindən danışıb, həmçinin Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalıda baş vermiş soyqırımın müqəssirləri sırasında olduğunu qeyd edib.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Markos Peres Xocalıda baş vermiş hadisələri soyqırım adlandıraraq, "Xocalının yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə dünya xəritəsindən silindiyini" bildirib.
Tədbir zamanı, həmçinin 2010-cu ildə Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən Xocalı soyqırımından bəhs edən və ispan dilində ilk dəfə olaraq hazırlanmış sənədli film və "Xocalıya ədalət" kampanyası çərçivəsində aparılan fəaliyyəti əks etdirən fotoşəkillər nümayiş etdirilib, habelə 2010-cu ildə Mexiko şəhərində təqdimatı keçirilmiş /www.justiciaparajodyali.org/ internet səhifəsi barədə məlumat verilib.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.
"Xocalıya Ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası ("Justice for Khodjaly") 2008-ci il mayın 8-də İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən dialoq və əməkdaşlıq məqsədilə təsis edilib.