...

Dağlıq Qarabağ erməniləri Azərbaycan dövlətini dəstəkləyəcəklər – Bayram Səfərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2011 14:44 (UTC +04:00)
Dağlıq Qarabağda yaşayan ermənilər imkan düşən kimi Azərbaycan dövlətini dəstəkləyəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib.
Dağlıq Qarabağ erməniləri Azərbaycan dövlətini dəstəkləyəcəklər – Bayram Səfərov

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Hacıyev/

Dağlıq Qarabağda yaşayan ermənilər imkan düşən kimi Azərbaycan dövlətini dəstəkləyəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib.

"Dağlıq Qarabağ erməniləri də Azərbaycanın bugünkü inkişafını görürlər. Onlar peşmandırlar ki, Azərbaycandan ayrılıblar. Qarabağ erməniləri Ermənistan Respublikası tərəfindən Qarabağda aparılan vandalizmin qurbanı olublar və məhrumiyyətlərə düçar olublar. Halbuki, onlar Azərbaycanın tərkibində yaxşı yaşayırdılar", - Səfərov əlavə edib.

Səfərov əmin olduğunu bildirib ki, Qarabağ ermənilərinin öz fikirlərini ifadə etməyə imkanı yoxdur.

"Bugünkü Ermənistan hakimiyyəti onlara şərait yaratmır ki, öz istəklərini yerinə yetirsinlər. İmkanları olan kimi Azərbaycan dövlətini dəstəkləyəcəklər və Azərbaycanda yaşamaq arzularını ifadə edəcəklər", - o vurğulayıb.

Səfərov hesab edir ki, 1991-ci ilə qədər Qarabağda yaşamış ermənilər yenə də Azərbaycanın tərkibində yaşaya bilərlər.

İcma rəhbəri onu da qeyd edib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi sənaye sahəsində də uğurlar əldə edir.

"Azərbaycanın kənar yardıma ehtiyacı yoxdur. Lazım gəldikdə öz ərazilərimizi hərb yolu ilə işğaldan azad etmək üçün bütün potensialımız var", - Səfərov bildirib.

Səfərov Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi barədə də jurnalistlərin suallarını cavablandırıb.

"Biz görüşlərin keçirilməsinə, dialoqun aparılmasına hər zaman hazırıq", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti