Azərbaycan, Bakı, 26 may /Trend/
Avropa İttifaqı (Aİ) özünün həlli yubanan münaqişələrin həllinə cəlb olunmasını gücləndirməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə mayın 25-də təqdim olunan "Yenilənmiş Avropa Qonşuluq Siyasəti" adlı məruzədə deyilir.
Məruzədə bildirilir ki, Aİ hələ təmsil olunmadığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu kimi formatlarda öz iştirakını aktivləşdirməyə hazır olmalıdır.
Avropa İttifaqı etimad tədbirlərinin möhkəmləndirilməsinə öz dəstəyini aktivləşdirmək fikrindədir və hərbi gücün tətbiqi ilə sərhədlərin dəyişdirilməsinə qarşı çıxış etməkdə davam edəcək.
Aİ, həmçinin müvafiq beynəlxalq strukturlar və əsas tərəfdaşlarla birgə münaqişədən sonrakı bərpa ssenarisini işləməyə hazırdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.