Azərbaycan, Bakı, 28 may /Trend, müxbir Y.Ostapenko/
Baza prinsiplərinin razılaşdırılmasının yaxın zamanlarda həyat keçiriləcəyi bir vaxtda fransalı həmsədri Aİ-nin nümayəndəsi ilə əvəzləməklə Minsk qrupunun formatını dəyişməyin vaxtı deyil. Beynəlxalq Böhran Qrupunun analitiki Sabina Freyzer bu fikirdədir.
"İndi Minsk qrupunun formatını dəyişməyin vaxtı deyil, çünki həmsədrlər inanırlar ki, baza prinsiplərinin razılaşdırılmasına az qalıb", - Freyzer Trend-ə bildirib.
O, hesab edir ki, yaxın aylarda baza prinsipləri üzrə razılıq əldə olunmasa, beynəlxalq ictimaiyyət danışıqların formatı və seçilən strategiyanın səmərəliliyi barədə ciddi şəkildə fikirləşməli olacaq. Bu konteksdə Aİ-nin özünü göstərmək üçün imkanları olacaq.
Çərşənbə günü Aİ "Yenilənmiş Avropa Qonşuluq Siyasəti" məruzəsini dərc edib. Məruzəyə hələ ki Avropa Parlamentində və Aİ-nin digər ölkələrində baxılır.
"Yenilənmiş Avropa Qonşuluq Siyasəti" məruzəsində deyilir ki, Aİ uzunsürən münaqişələrin həllində iştirakını gücləndirməyə hazırdır. Məruzəyə əsasən, Aİ hələ təmsil olunmadığı, məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu kimi formatlarda iştirakını fəallaşdırmağa hazır olmalıdır.
Ekspertlər güman edirlər ki, bu, Aİ-nin Minsk qrupuna Fransanı əvəzləməklə həmsdər kimi daxil olmasını nəzərdə tuta bilər.
"Avropa İttifaqı çərçivəsində ATƏT-in Minsk qrupunda fransalı həmsədrin Aİ-nin nümayəndəsi ilə əvəz edilməsi həqiqətən də müzakirə edilib. Lakin bunun üçün Azərbaycan və Ermənistanın, habelə digər həmsədrlərin razılığı lazımdır", - Freyzer deyib.
O, hesab edir ki, hazırkı mərhələdə ATƏT-in Minsk qrupunda həmsədrliyin müəyyən edilmiş formatına hər hansı dəyişiklik edilməsi ehtimalı azdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Avropa İttifaqı münaqişənin həllinə cəlb edilməsə belə, həmişə Minsk qrupunun səylərini dəstəkləyib.
"Aİ hələ ki nizamlama prosesində, xüsusilə baza prinsiplərinin razılaşdırılacağı təqdirdə hansı şəkildə kömək edəcəyi ilə bağlı strategiya təklif etməyib. Avropa İttifaqı fikirləşməli və özünün konkret planını təqdim etməlidir", - Freyzer bildirib.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan 2008-ci ilin iyunundan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə mövqelərin razılaşdırılması ilə bağlı mütəmadi görüşlər keçirirlər. Buna baxmayaraq, baza prinsipləri hələ də razılaşdırılmayıb.
Prezidentlərin növbəti görüşünün iyunda keçiriləcəyi gözlənilir.
Freyzer yaxın aylarda tərəflərin baza prinsipləri üzərində sənədi razılaşdıra bilməyəcəklərini və Minsk qrupunun formatının dəyişdirilməsi məsələsinin yenidən qaldırılacağını istisna etməyib.
O, iyun görüşünədək Minsk qrupunun olduğu kimi qalacağından əminliyini bildirib.