Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.Tariverdiyeva/
Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müəyyən imkan var və tərəflər bu imkandan istifadə etməlidirlər. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mark Toner deyib.
İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı üçtərəfli görüşü keçiriləcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.