...

Rusiya Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində zorakı hərəkətləri pisləyir - RF XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2011 14:46 (UTC +04:00)
Rusiya Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində istənilən zorakı hərəkətləri pisləyir.
Rusiya Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində zorakı hərəkətləri pisləyir - RF XİN rəhbəri

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Rusiya Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində istənilən zorakı hərəkətləri pisləyir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Məlumatı "Rossiya 24" telekanalı yayıb.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.

Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.

Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.

"Hər bir belə hərəkət diqqətli araşdırma tələb edir. Məhkəmə qərar çıxarmalıdır ki, bu yaxınlarda azərbaycanlı qızın həlak olması qətl, yaxud terror aktıdır", - Lavrov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti "Qətl" maddəsi üzrə cinayət işi qaldırıb, lakin bu aksiyanı qətl və ya terror aktı kimi qiymətləndirmək üçün məhkəmənin qərarını gözləmək lazımdır. "Biz maraqlıyıq ki, bu araşdırma ilə bağlı bizə məlumat versinlər: məlumatlara görə, söhbət Peterburq sakinlərindən - qızdan və onun anasından gedir. Və bizim səlahiyyətli orqanlar Azərbaycan hakimiyyəti ilə müvafiq qarşılıqlı fəaliyyətə ümid edəcəklər", - RF XİN rəhbəri deyib.

Lavrov gələcəkdə belə halların olmaması üçün tərəfləri əlavə tədbirlər görməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti