...

Elmar Məmmədyarov: Ermənistanın mövqeyi regionda davamlı sülh və stabilliyin bərqərar olmasına mane olur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2011 16:01 (UTC +04:00)
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaqdan imtina edir və bununla da regionda davamlı sülh və stabilliyin bərqərar olmasına mane olur.
Elmar Məmmədyarov: Ermənistanın mövqeyi regionda davamlı sülh və stabilliyin bərqərar olmasına mane olur

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir S.Ağayeva/

Təəssüf ki, BMT TŞ-nin münaqişə ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaqdan imtina edir və bununla da regionda davamlı sülh və stabilliyin bərqərar olmasına mane olur. Trend-in məlumatına görə, bunu Belqradda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının 50 illik yubileyi ilə bağlı çıxışında deyib.

"Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan hələ də qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir və torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Təqribən bir milyon qaçqın və məcburi köçkün həmin torpaqlardan etnik təmizlənməyə məruz qalıb. Azərbaycan Qoşulmama Hərəkatının bir çox üzvlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı tutduqları prinsipial mövqeyi yüksək qiymətləndirir. Torpaqlarımızın işğalına son verilməsi istiqamətində göstərdiyimiz səylər və tutduğumuz mövqe ilə bağlı sizin ortaya qoyduğunuz həmrəyliyin davamlı olacağına ümid edirik", - Məmmədyarov əlavə edib.

XİN rəhbəri, ilk növbədə, Serbiya hökumətinə Qoşulmama Hərəkatının dünyaya göz açdığı yerlərdən biri olan Belqrad şəhərinə gəldikləri andan bəri ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

"Bu il biz Qoşulmama Hərəkatının yaradılmasının 50 illiyini qeyd edirik və qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatı bu gün də yarandığı gün olduğu qədər əhəmiyyətlidir. Soyuq müharibənin bitməsi qoşulmama xətti tutan ölkələrin siyasi koordinasiyası üçün mexanizm olan Qoşulmama Hərəkatının rolunu zəiflətməyib", - nazir əlavə edib.

Bu yaxınlarda Qoşulmama Hərəkatına tamhüquqlu üzv olan Azərbaycan Respublikası Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlılığını bəyan edib.

Qoşulmama Hərəkatının daha yaxşı və dinc dünyanın yaradılması uğrunda 1955-ci ildə qəbul etdiyi "On Bandunq Prinsipi" bütün ölkələri suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət etməyə, eyni zamanda, hər hansı bir ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zorakılıqdan və təhlükə törətməkdən çəkinməyə səsləyir.

"Azərbaycan Qoşulmama Hərəkatının Fələstinlə bağlı tutduğu mövqeyə bağlılığını bir daha vurğulayır və Fələstin xalqı və rəhbərliyi ilə davamlı həmrəy olduğunu bir daha təkrar edir. Biz inanırıq ki, uzun müddətdir davam edən bu məlum məsələdə nailiyyət əldə etməyin vaxtı çatıb", - Məmmədyarov əlavə edib.

Nazirin sözlərinə görə, Azərbaycan BMT sistemi daxilində razılaşdırılmış inkişaf məqsədlərinin və vəzifələrinin həyata keçirilməsinə töhfəsini vermək niyyətindədir.

"Azərbaycan davamlı inkişaf və qlobal çiçəklənməyə, yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi inkişafa tam dəstək göstərir və cəhdlər edir, xüsusən də inkişaf etməkdə olan və az inkişaf edib, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Son illər ərzində Azərbaycan ehtiyacı olan bir neçə ölkəyə hərtərəfli texniki və humanitar yardımlar göstərib, onların milli inkişaf siyasətlərinin və strategiyalarının həyata keçirilməsinə kömək edib", - Məmmədyarov əlavə edib.

Beynəlxalq sülhün, təhlükəsizliyin, stabilliyin və inkişafın qorunub saxlanmasına daha da kömək göstərmək arzusunda olan Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün öz namizədliyini irəli sürüb. Seçkilər 13 oktyabr 2011-ci il tarixində BMT Baş Assambleyasının 66-ci sessiyası zamanı keçiriləcək.

2012-ci ildə Azərbaycanın BMT-yə üzvlüyünün 20-ci ildönümü qeyd ediləcək, lakin buna baxmayaraq, digər Şərqi Avropa ölkələrinin namizədlərindən fərqli olaraq, Azərbaycan heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmaq imkanını əldə etməyib.

"Bizim regional qrupdan olan namizədlər arasında Azərbaycan Qoşulmama Hərəkatına tam üzv olan yeganə ölkədir. Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsi kiçik inkişaf etməkdə olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə yeni görünüş verəcək və Təhlükəsizlik Şurasına daha çox balanslaşdırılmış üzvlük anlayışını gətirəcək. Sizi əmin edirəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın BMT-nin nüfuzlu alt-qurumu olan Təhlükəsizlik Şurasına üzvlüyü sayəsində daha güclü təmsilçilikdən faydalanacaq", - Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti