...

Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-nın qış sessiyasında müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2011 16:59 (UTC +04:00)
Əgər hansısa ciddi problem buna mane olmayacaqsa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT Parlament Assambleyasının qış sessiyasında müzakirəyə çıxarılacaq.
Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-nın qış sessiyasında müzakirə olunacaq

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Əgər hansısa ciddi problem buna mane olmayacaqsa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT Parlament Assambleyasının qış sessiyasında müzakirəyə çıxarılacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, qurumun ötən yay sessiyası ərəfəsində bu məsələ qaldırılmışdı.

"ATƏT PA-nın sədri Petros Eftimiunun Azərbaycana səfəri zamanı bu məsələ daha konkret şəkildə onun qarşısında qoyulmuşdu. O zaman Petros Eftimiu bildirdi ki, Minsk qrupu həmsədrlərinin iştirakı ilə ATƏT PA-nın sessiyalarının birində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr təşkil olunsun və mövcud durum barədə həmsədrlərin hesabatı dinlənilsin. Qurumun rəhbəri belə bir təşəbbüslə həmsədrlərə müraciət etmişdi, amma yay sessiyasında bu tədbirin keçirilməsi alınmadı. Azərbaycan və Ermənistanın parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyi görüşdə Petros Eftimiu bizə məlumat verdi ki, məsələ üzərində işini davam etdirir və qurumun payız sessiyasında belə dinləmələrin keçirilməsi baş tuta bilər", - Muradova deyib.

O, təşkilatın rəhbərinin bu müzakirələrin reallaşmasına, həmçinin, münaqişənin ədalətli həllinə çalışacaqlarına ümid etdiyini bildirib.

"Bu, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən tərəf kimi təkcə bizim üçün maraqlı deyil. Eyni zamanda, ATƏT münaqişənin həlli prosesində iştirakını artırmağa çalışır. Əlbəttə ki, belə bir müzakirələrin təşkil edilməsi qurumun nüfuzunu artıracaq", - Muradova əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti