...

Serj Sarkisyan Fransa Prezidentinin regiona səfəri ərəfəsində güclü antirusiya kampaniyasına hazırlaşır - azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2011 13:43 (UTC +04:00)
Ermənistan Prezident Administrasiyasının rəhbəri Karen Karapetyanın istefaya göndərilməsi və bundan dərhal sonra hakim partiyanın iclasının çağırılıb, Karapetyanın heç bir vəzifəyə təyin olunmayacağı ilə bağlı Serj Sarkisyanın açıqlaması ciddi məsələlərdən xəbər verir.
Serj Sarkisyan Fransa Prezidentinin regiona səfəri ərəfəsində güclü antirusiya kampaniyasına hazırlaşır - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Ermənistan Prezident Administrasiyasının rəhbəri Karen Karapetyanın istefaya göndərilməsi və bundan dərhal sonra hakim partiyanın iclasının çağırılıb, Karapetyanın heç bir vəzifəyə təyin olunmayacağı ilə bağlı Serj Sarkisyanın açıqlaması ciddi məsələlərdən xəbər verir. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Sarkisyan bununla öz komandasının üzvlərinə Karapetyana ümid etməmək, yaxınlaşmamaq əmrini verdi. Karapetyan Rusiyada kifayət qədər geniş imkanlara malik, Kremllə əlaqəsi olan Sanverd Karapetyanın qardaşıdır. Başqa sözlə, PA rəhbəri Ermənistan rəhbərliyində Rusiyanın ən yüksək təmsilçisi idi. İndi Serj Sarkisyan Rusiya ilə münasibətləri korlandığı üçün Rusiyadan özünə təhlükə gözləyir. Ona görə də özünə ən yaxın və ən böyük leqal təhlükəni neytrallaşdırdı", - Əhmədoğlu əlavə edib.

Politoloqun sözlərinə görə, bu addımı atmazdan öncə Serj Sarkisyan Rusiyanın adamı hesab olunan eks-prezident Robert Köçəryanla məsləhətləşdi.

"Son illər ərzində Sarkisyanla Köçəryan arasında münasibətlərin kəskin olduğunu nəzərə alsaq, Sərkisyanın Köçəryanın bağ evinə gedərək onunla məsləhətləşməsini təsadüfi hesab etmirik", - Əhmədoğlu belə hesab edir.

Mərkəz direktoru Karapetyan istefaya göndərilənədək baş verən bəzi hadisə və prosesləri şərh edib.

"Rusiya Prezidenti Dimitri Medvedev Ermənistan Prezidenti ilə görüşmədi. Belə görüş üçün ötən ay ərzində iki dəfə imkan olsa da, Medvedev hər iki halda təklifi rədd etdi. Digər tərəfdən, Ermənistanın ana müxalifəti, Levon Ter-Petrosyanın tərəfdarları güclənir. İndi ana müxalifət Rusiyayönümlü hesab olunur, çünki Ter-Petrosyan başa düşür ki, ABŞ onu zəiflətməklə məşğuldur. Ona görə Ter-Petrosyan Rusiyaya tərəf reverans etməyə məcburdur", - politoloq belə hesab edir.

Əhmədoğlunun sözlərinə görə, hakim koalisiyanın üzvü Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qaqik Çarukyan RF Baş naziri Vladimir Putinlə ciddi münasibətlər qurmağa arasıkəsilməz cəhdlər edir. Çarukyanın prezident olmaq ambisiyası da sirr deyildir.

"Digər bir diqqətçəkən məsələ ölkənin daxilində problemlərin günü-gündən artması, sosial-iqtisadi vəziyyətin ağırlaşmasıdır. Dağlıq Qarabağ məsələsində vəziyyət Ermənistanın xeyrinə deyil. Ermənistanın hətta Rusiyadan "icarəyə götürdüyü" ekspertlər də bunu təsdiq edirlər. Belə olan halda Ermənistanda Serj Sarkisyan hakimiyyətinin mövcudluğu sual altına düşür. Bu həm də Qarabağ klanının hakimiyyətdən getməsi ola bilər. Həmin prosesdə əsas aktor Rusiyadır. Ona görə Qarabağ klanının parlaq təmsilçiləri - Serj Sarkisyan və Robert Koçaryan məsləhətləşdilər. Rusiyanın Ermənistanda təsirinin azaldılması aktual məsələyə çevrilib", - Əhmədoğlu deyib.

Onun fikrincə, Qarabağ klanı tədricən Rusiyanın təsir zonasından çıxıb, Qərbin təsir zonasına keçmək istəyir.

"Yaxınlarda Serj Sarkisyanın üç istiqamətdə addım atacağını gözləyirik. Bu üç addımın atılması Fransa Prezidenti Nikola Sarkozinin Ermənistana gəlməsi tarixinə hesablanıb. Birincisi, Ermənistanın dəmir yollarını Fransanın konsession idarəçiliyinə verməsi niyyətini və indinin özündə də rəsmi Yerevan tərəfindən "Cənubi Qafqaz Dəmir Yolları" şirkətinə təzyiqlərin olduğunu nəzərə alsaq, çox güman ki, bu məsələ Nikola Sarkoziyə təklif olunacaq. Başqa sözlə, Fransa arzulayarsa və siyasi dəstək verərsə, Ermənistan Rusiya ilə konsession idarəçilik müqaviləsini pozub, Fransa ilə belə müqavilə bağlaya bilər", - politoloq qeyd edib.

Onun sözlərinə görə, ikincisi, Erebuni aeroportunun ABŞ-a, başqa sözlə, Qərbdəki hansısa bir dövlətə icarəyə verilməsi Ermənistanla bağlı mühüm geosiyasi məsələdir. Qərb Rusiyanın sərhədçiləri ilə təmasda olmadan Ermənistana daxil olmağın yollarını axtarır.

"Erebuni aeroportunun icarəyə götürülməsi də Nikola Sarkoziyə təklif oluna bilər. Ermənistanda yeni AES-in tikintisi mübahisəlidir. Söhbət təkcə vəsaitin tapılıb-tapılmayacağından getmir. Rəsmi Yerevan ABŞ mənşəli Avstraliya şirkəti olan "W.Parsons" şirkəti ilə AES tikintisini təşkili məsələlərini əhatə edən müqavilə imzaladı. Az sonra, analoji müqavilə Rusiya tərəfi ilə imzalandı. Rəsmi Yerevan AES tikintisini Fransaya təklif etməklə eyni vaxtda "həm Rusiya, həm də ABŞ-dan uzaqlaşacağını düşünür". AES tikintisində Ermənistan üçün maraqlı olan məsələ uran yataqlarının mövcudluğunu bu məsələ ilə əlaqələndirməkdir. Qarabağ klanının beynəlxalq aləmlə Rusiyadankənar əlaqə yaratmağa ikinci cəhdinin yaratdığı effekti hesablamaq çətindir", - Əhmədoğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti