...

Elmar Məmmədyarov: Azərbaycan işğal olunmuş yeddi rayondan qoşunların çıxarılmasına təkid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2011 14:17
Azərbaycan münaqişə edən tərəflər arasında etimad mühitinin yaranması üçün işğal olunmuş yeddi rayondan qoşunların çıxarılmasına təkid edir.
Elmar Məmmədyarov: Azərbaycan işğal olunmuş yeddi rayondan qoşunların çıxarılmasına təkid edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 oktyabr / Trend müxbir S.Ağayeva/

Azərbaycan münaqişə edən tərəflər arasında etimad mühitinin yaranması üçün işğal olunmuş yeddi rayondan qoşunların çıxarılmasına təkid edir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Yalnız bundan sonra biz hərtərəfli sülh həllinin hazırlanmasına başlaya bilərik", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, heç kim ərazi münaqişəsi kimi belə çətin problemin bir gecəyə həll olunacağını gözləmir, lakin "Praqa prosesi" mövcuddur və o, mərhələli həll təklif edir.

Məmmədyarov deyib ki, əvvəllər Azərbaycanın bəyan etdiyi kimi, bu gün Dağlıq Qarabağa dair sülh sazişi və danışıqların razılaşdırılmamış məqamları üzərində işlərə başlamaq ona görə vacibdir ki, bu, işlərin düzgün istiqamətdə getdiyini nümayiş etdirər.

Onun sözlərinə görə, işğal olunmuş yeddi rayon boşaldılmalıdır, çünki Azərbaycan vətəndaşları orada yaşayarkən təhlükədə olacaqlar.

"Əgər erməni qoşunları həmin ərazilərdən çıxarılarsa, onda snayperlər heç kimə lazım olmayacaq və təhlükə aradan qalxacaq", - nazir deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti