Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir M.Əliyev/
Yaxın 2 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir irəliləyiş gözlənilmir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Beynəlxalq Böhran Qrupunun proqram direktoru Sabina Freyzer bildirib.
"Çünki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan ABŞ, Rusiya və Fransada seçkilər keçiriləcək. Sonra isə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək", - Freyzer deyib.
Onun sözlərinə görə, təcrübə göstərir ki, seçki ərəfəsində danışıqlar səngiyir.
"Dünya ictimaiyyəti, o cümlədən həmsədrlər Kazan görüşünə çox ümid bəsləyirdilər. Çox təəssüf ki, bu görüş nəticəsiz keçdi", - Freyzer bildirib.
Onun sözlərinə görə, yüksək səviyyəli görüşlər olmasa da vətəndaş cəmiyyətinin görüşləri labüddür.
Freyzer bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə Türkiyənin töhfə verə bilməsi çox çətin olacaq. Türkiyənin Cənubi Qafqaz regionunda çox böyük rola malik olduğunu deyən proqram direktoru qeyd edib ki, əgər Türkiyə münaqişənin həllinə konkret töhfə vermək istəyirsə, mütləq Ermənistanla əlaqələrini düzəltməlidir.
"Türkiyənin çox maraqlı və səmərəli təklifləri var. Bu ölkənin Ermənistanla sərhədlərinin açılması məsələsi gündəmdədir", - Freyzer əlavə edib.