Azərbaycan, Bərdə, 28 noyabr /Trend, müxbir A.Salmanov/
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Problem tezliklə öz həllini tapmalıdır və məcburi köçkunlər öz doğma torpaqlarına qayıtmalıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Ağdam rayonunda jurnalistlərə Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin üzvü İvo Vayql deyib.
"Məsələnin həlli üçün ATƏT üzərinə düşən missiyanı lazımınca yerinə yetirir. Lakin Minsk qrupunun fəaliyyəti ilə 12 ildir ki, tanışam və qrup bu məsələni həll etmək gücündə deyil. Problemin həlli üçün ABŞ və Rusiya da səy göstərməlidir. Avropa Parlamenti də münaqişənin həlli üçün daim səy göstərəcək", - o əlavə edib.
Vayql Azərbaycana səfəri çərçivəsində bazar ertəsi Ağdam rayonunda olub. Avropalı qonaq məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə yaxından tanış olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.