...

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini etimadın gücləndirilməsinə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 01:22 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini etimadın gücləndirilməsinin vacibliyinə ardıcıl şəkildə inandırır. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin bazar günü yaydığı məlumatda bildirilir.
Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini etimadın gücləndirilməsinə çağırır

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini etimadın gücləndirilməsinin vacibliyinə ardıcıl şəkildə inandırır. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin bazar günü yaydığı məlumatda bildirilir.

"Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2011-ci il martın 5-də Soçidə qəbul etdiyi birgə bəyanat da bu məqsədin nail olunmasına yönəlib. Həmin bəyanatda bütün mübahisəli məsələlərin sülh vasitələri ilə həll etmək və atəşkəs xəttində baş verən insidentlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında araşdırmaq cəhdləri öz əksini tapıb" deyə məlumatda bildirilir.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri - İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları yanvarın 23-də Soçidə keçiriləcək.

"Atəşkəs rejiminin pozulmasının tezləşmiş halları, hərbçilər və dinc sakinlər arasında qurbanlar və hər iki tərəfdən səslənən hərbi ritorika bizdə ciddi narahatlıq doğurur", deyə Kremlin məlumatında bildirilir.

Məlumata əsasən, rəsmi Moskva ümid edir ki, qısa müddətdə insidentlərin araşdırılması mexanizmi üzərində iş başa çatdıralacaq.

Qarşılıqlı etimadın gücləndirilməsi üzrə tədbirlərin sırasında ziyalılar, elmi və ictimai dairələr arasında dialoqun bərpası təklif olunur.

Kremlin məlumatında həmçinin bildirilir ki, Dmitri Medvedev İlham Əliyev və Serj Sarkisyanla ikitərəfli görüşlər də keçirəcək.

"Rusiya-Azərbaycan danışıqlarının gündəmində Xəzər dənizi məsələlərinə, regional və beynəlxalq məsələlərdə koordinasiyaya böyük diqqət yetirilir. Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi bu sahədə qarşılıqlı əməkdaşlıq üçün əlavə imkanlar yaradır" deyə məlumatda vurğulanır.

Medvedev-Sarkisyan görüşündə isə Rusiya-Ermənistan strateji tərəfdaşlığının və ittifaqının ən vacib aspektləri diqqət mərkəzində olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti