4-cü abzasdan sonra əlavə olunub (ilk xəbər saat 16:57-də yayılıb)
Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Azərbaycan və Ermənistan prezidentləri Rusiyaya iki ölkə arasında humanitar əlaqələrin qurulmasında vasitəçi qismində çıxış etmək xahişi ilə müraciət ediblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Belə əlaqələrin təşəbbüskarı olduğumuz üçün Rusiyaya Bakı və Yerevanın xahişi ünvanlanıb. Dmitri Medvedev əlbəttə ki, razılaşıb", - Lavrov deyib və onu da əlavə edib ki, Rusiya həmişə bu cür humanitar əlaqələrin tərəfdarı olub və bu məqsədlər üçün vasitəçi rolunu yerinə yetirməyə hazırdır.
Soçidə Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarını şərh edən Lavrov vurğulayıb ki, üç prezident insanlar arasında birbaşa humanitar, mədəni, təhsil və digər əlaqələrin qurulmasının zəruriliyinə əminliklərini bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, üç ölkənin liderləri razılaşıblar ki, belə əlaqələr Azərbaycan və Ermənistan arasında etimadı bərpa etmək və möhkəmləndirmək, siyasi qərarları qəbul etmək üçün maksimum əlverişli mühit yaratmaq baxımından vacib rol oynayır.
Bundan başqa, Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri atəşkəs xətti boyunca insidentlərin araşdırılması məqsədilə konkret prosedurların yerinə yetirilməsi üzrə vasitəçilərdən təkliflər gözləyirlər.
Lavrov xatırladıb ki, ötən ilin martında Soçidə keçirilən analoji görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan lideri Serj Sarkisyan atəşkəs xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılmasında maraqlı olduqlarını bildiriblər.
"ATƏT-in Minsk qrupunun həmsədrləri insidentlərin araşdırılması mexanizmini əks etdirən məruzə hazırlayıblar. Məruzə bu gün prezidentlərə təqdim edilib", - Lavrov qeyd edib.
Onun sözlərinə görə, liderlər belə insidentlərin araşdırılması üzrə konkret prosedurları qeyd etməyin vacibliyindən çıxış edərək, bu işi davam etdirməyi tapşırıblar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.