...

Soçi bəyanatı Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsindən imtina edən ilk sənəd kimi qəbul edilə bilər – politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2012 14:20 (UTC +04:00)
Soçi bəyanatı Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsindən imtina edən ilk sənəd kimi qəbul edilə bilər.
Soçi bəyanatı Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsindən imtina edən ilk sənəd kimi qəbul edilə bilər – politoloq

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Soçi bəyanatı Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsindən imtina edən ilk sənəd kimi qəbul edilə bilər. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi brifinqdə deyib.

"2012-ci ilin Soçi bəyanatında "yalnız sülh yolu ilə", "yalnız dinc danışıqlar vasitəsilə", "sülh yolunun və ya dinc danışıqların alternativi yoxdur" kimi dinc yolla tənzimləməyə birbaşa dəlalət edən frazalar, ifadələr işlənmir. "DQ tənzimlənməsi" anlayışı istifadə olunur. "Tənzimləmə" sözünün əvvəlində "dinc" və ya "sülh" ifadələri bu sənəddə heç bir yerdə işlənməyib", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Soçidə imzalanmış yekun bəyanatı xarakterizə edən cəhətlərdən biri də ənənəvi istinad subyektlərinə və ya sənədlərə istinad edilməməsidir.

"İstinad sənədi kimi 2008-ci il noyabrın 2-də Mayendorf bəyannaməsi götürülüb. Buna RF-nin subyektiv və qətiyyətli yanaşmasının nişanəsi kimi baxmaq olar. ATƏT MQ həmsədrlərinin, ən azı son on illik fəaliyyətinin üstündən xətt çəkilə bilinər", - Əhmədoğlu qeyd edib.

Politoloq həmçinin vurğulayıb ki, Soçi görüşü ermənilərin Dağlıq Qarabağla bağlı iddialarının iflasına səbəb oldu.

"Ermənistan rəsmiləri Kazan görüşündən sonra prezidentlərin dialoqunun davam etməsi üçün şərt irəli sürmüşdülər: Azərbaycan Kazan görüşündə irəli sürdüyü 10 təklifi geri götürməlidir. Belə başa düşmək olar ki, Soçidə Ermənistan Prezidenti Rusiya Prezidenti ilə görüşündə Azərbaycan Prezidenti ilə görüşməyi özü xahiş edib", - Əhmədoğlu deyib.

O, qeyd edib ki, Soçi sənədində snayperlərin geri çəkilməsinə dair heç bir fikir yoxdur.

Əhmədoğlunun sözlərinə görə, son vaxtlar ermənilər bu tezisdən geniş istifadə edirdilər. Hətta ATƏT-in fəaliyyətdə olan sədri təxminən 10 gün bundan qabaq bu məsələnin zəruriliyini vurğulamış, qoşunların təmas xəttində insidentlərin araşdırılması üçün yeni təkliflərin təqdim olunduğu bildirmişdi. Bu, o deməkdir ki, bu mövzuda verilmiş əvvəlki təkliflər yetərsizdir.

O, bildirib ki, Ermənistan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünə qətiyyən razı deyildi.

"İndi bəlli olur ki, Ermənistan özü belə görüşü xahiş edib. Ermənistan, Azərbaycan və Dağlıq Qarabağın ziyalılarının, elm adamlarının və ictimaiyyətin nümayəndələrinin dialoquna dair məsələ Soçi bəyannaməsində və eləcə də əvvəlcədən yayılan sənədlərdə öz əksini tapıb", - Əhmədoğlu qeyd edib.

Politoloq bildirib ki, beləliklə Soçi bəyannaməsinin lakmus kağızı hazırdır.

"Əgər ermənilər DQ-nin erməni və azərbaycanlı icmalarının görüşünə, dialoqunun qurulmasına razılıq verəcəklərsə, deməli, onlar münaqişəni dinc yolla tənzimləməyə hazırdırlar. Bunun üçün cəmi bir neçə gün və ya 1-2 həftə vaxt lazımdır. Ermənistan tərəfi razılıq verməyəcəksə, Ermənistanın pis niyyəti bütün dünyaya bəlli olacaq", - Əhmədoğlu vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti