Elmira Tariverdiyeva, Trend-in Avropa redaksiyasının icmalçısı
Dağlıq Qarabağda hadisələrin inkişafının bütün mümkün ssenariləri nəzərə alınmaqla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən Ermənistanın qeyd-şərtsiz müdafiəsi məsələsi ətrafında spekulyasiyalar istənilən azacıq diqqətli müşahidəçidə belə, ən azından təəccüb doğurmalıdır.
KTMT-nin baş katibi Nikolay Bordyuja çərşənbə axşamı bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşəcəyi halda, Ermənistan lazım olan bütün köməyi alacaq.
"Ermənistan öz öhdəlikləri və hüquqları ilə KTMT-nin tamhüquqlu üzvüdür: vəzifə başqa dövlətin kollektiv təhlükəsizliyinin təminatı üçün öz imkanlarını təqdim etmək və öz müttəfiqlərindən eyni köməyi almaq hüququdur", - o, çərşənbə axşamı keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında vəziyyətin böhranlı həddə çatacağı halda, KTMT-nin nə edəcəyi ilə bağlı suala cavab verərkən bildirib. Məlumatı RİA Novosti yayıb.
Lakin Dağlıq Qarabağ münaqişəsindən danışarkən Nikolay Bordyujanın hər dəfə təkrarladığı səhvi artıq bilməməzliyin ayağına yazmaq olmaz.
Qanuna görə, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, kollektiv müdafiə hüququna əsasən KTMT iştirakçı-dövlətin özünə qarşı təcavüz aktı zamanı (indiki məqamda Ermənistana qarşı) hərbi də daxil olmaqla, iştirakçı-dövlətə zəruri kömək göstərmək hüququna malikdir. Lakin bunun Dağlıq Qarabağa nə aidiyyəti var?
Dağlıq Qarabağ ətrafında hadisələrin inkişafının hərbi ssenariləri Azərbaycanın Ermənistana hücum etməsi ehtimalını yaratmır və heç vaxt yaratmayacaq. Görəsən, bu gün dünyada heç olmasa bir dövlət varmı ki, Dağlıq Qarabağın heç də Ermənistana deyil, de-yure Azərbaycana məxsus ərazi olduğuna şübhə etsin? Bu faktı şəxsi maraqlara uyğun şərh etmək mümkün deyil. Belə ki, dünyada elə bir dövlət yoxdur ki, Dağlıq Qarabağın müstəqilliyini tanısın və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salsın.
Əgər vəziyyətə qərəzsiz yanaşsaq, Yerevan başa düşməlidir ki, KTMT-nin baş katibinin təmtəraqlı bəyanatına baxmayaraq, Ermənistanın KTMT-yə daxil olması heç cür zəmanət vermir ki, təşkilatın üzvləri Azərbaycanın Dağlıq Qarabağa hərbi müdaxiləsi zamanı Yerevanın köməyinə çatacaq.
Hüquqi cəhətdən KTMT-nin buna haqqı yoxdur, axı Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və heç bir şəkildə KTMT iştirakçı-dövlətlərinin heç birinə aidiyyəti yoxdur, Bakı isə təşkilatın digər üzv-ölkələrinin müdafiə edə biləcəyi KTMT-nin üzvü olan Ermənistana müharibə elan etməyə hazırlaşmır.
Yeri gəlmişkən, hətta Ermənistanın Dağlıq Qarabağın müdafiəsinə görə üzərinə götürdüyü öhdəliklərin də bu günə qədər heç bir beynəlxalq təsdiqi yoxdur.
KTMT Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd etməklə, Dağlıq Qarabağ münaqişəsi zonasında hətta sülhməramlı əməliyyatlarda öz iştirak ehtimalını dəfələrlə təkzib edib.
"Azərbaycan KTMT-yə daxil deyil və biz Azərbaycanın razılığı olmadan öz hissələrimizi onun ərazisində yerləşdirə bilmərik. Bizim nizamnaməmizdə dəqiq qeyd edilib ki, KTMT-nin üzvü olmayan ölkənin razılığı olmadan strukturumuz onun ərazisində hər hansı hərbi əməliyyatlar həyata keçirmək hüququna malik deyil", - KTMT-nin mətbuat xidməti 2009-cu ilin iyulunda bəyan edib. Həmin vaxtdan etibarən heç nə dəyişməyib, Dağlıq Qarabağ həmişəki kimi Azərbaycanın tərkibinə daxildir.