...

Macarıstan mətbuatında Xocalı soyqırımının 20 illiyi ilə bağlı məqalə dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 15:44 (UTC +04:00)
Macarıstan mətbuatında Xocalı soyqırımının 20 illiyi ilə bağlı məqalə dərc olunub.
Macarıstan mətbuatında Xocalı soyqırımının 20 illiyi ilə bağlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Macarıstan mətbuatında Xocalı soyqırımının 20 illiyi ilə bağlı məqalə dərc olunub.

Azərbaycanın Macarıstandakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Macarıstanın "Nepsava" qəzetində Xocalı soyqırımının 20 illiyi ilə bağlı jurnalist Atilla İnaşa Çernainin "Qarabağ cəhənnəminin ildönümü" adlı yazısı çap olunub.

Müəllif eyni qəzetin müxbiri kimi 1992-ci ilin mart ayında hadisələr barəsində daha obyektiv məlumat hazırlamaq məqsədi ilə Azərbaycanda olmuş, Xocalı dəhşətini yaşayan insanlarla görüşmüşdü.

"Xocalı faciəsindən və dinc azərbaycanlı sakinlərə tutulan divandan Qərb dünyası yalnız həftələr və aylar keçəndən sonra danışmağa başladı", - deyə, müəllif daha sonra dəhşətli statistikaya müraciət edərək Xocalıda yaşanan insanlıq dramının miqyasını, erməni silahlı dəstələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının vəhşiliklərini göstərib.

"Beynəlxalq təşkilatların bütün çağırışlarına baxmayaraq, Ermənistan indiyə qədər Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Hərbi əməliyyatlar zamanı 20 min azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, humanitar fəlakət nəticəsində 1 milyon nəfərdən çox sakin öz yurdunu tərk edib və hazırda Azərbaycanda qaçqın kimi yaşayır", - müəllif qeyd edib.

Macarıstandakı Azərbaycan səfirliyinin Xocalı soyqırımının 20 illiyi münasibətilə fevralın 16-da keçirdiyi beynəlxalq konfransın iştirakçısı olan Atilla Çernai öz yazısında konfransdan aldığı təəssürata və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Suleymanova ilə qısa söhbətə də yer ayırıb.

Müəllif Azərbaycan xalqının sülhsevər məramının və dinc qonşuluq niyyətinin ifadəsi kimi indiyə qədər Bakıda minlərlə erməninin heç bir milli və dini ayrıseçkilik hiss etmədən yaşamasına diqqət çəkib.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti