...

Azərbaycan Ermənistanın cəbhə xəttində gərginlik yaratması barədə BMT baş katibinə məktub ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2012 09:28 (UTC +04:00)
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehtiyev təşkilatın baş katibi Pan Gi Muna Ermənistanın atəşkəs rejimini pozması barədə məktub ünvanlayıb.
Azərbaycan Ermənistanın cəbhə xəttində gərginlik yaratması barədə BMT baş katibinə məktub ünvanlayıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir R.Daraxşan/

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehtiyev təşkilatın baş katibi Pan Gi Muna Ermənistanın atəşkəs rejimini pozması barədə məktub ünvanlayıb. Məktub BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən rəsmi sənəd kimi yayılıb. Bu barədə Trend-ə cümə günü Nümayəndəlikdən məlumat verilib.

Məktubda qeyd edilir ki, 2011-ci ilin dekabrında və 2012-ci ilin yanvarında Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu ölüb, bir mülki şəxs isə yaralanıb. Məktuba əlavədə bildirilir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanda hərbiçilərlə yanaşı, mülki şəxslərə yalnız Azərbaycanın işğal olunumuş ərazilərindəki mövqelərdən deyil, Ermənistan ərazilərindən də atəş açıblar.

Habelə məktubda Ermənistan Prezidenti Serj Sarkisyanın yanvarın 22-də ölkənin Silahlı Qüvvələrinin yaradılmasının 20 illiyinə həsr olunmuş çıxışı və fevralın 18-də Vətənin Könüllü Müdafiəçiləri İttifaqının 9-cu konfransındakı bəyanatı da pislənilib. Mehtiyev qeyd edib ki, çıxışlarda "Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin əsas səbəbləri, gedişi və nəticələrinin təhrif edilməsinin yeni abırsız nümunələri" əksini tapıb.

Sənəddə, həmçinin qeyd edilir ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində öz hərbi mövcudluğunu saxlamaqda davam edir.

Xəbər lenti

Xəbər lenti