Azərbaycan, Bakı, 20 mart /Trend/
Çərşənbə axşamı Küveyt Dövlətinin Parlamentinin sədri Əhməd Əbdüləziz Əl-Sədun Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevi qəbul etmişdir. Bu barədə Trend-ə Azərbaycanın Küveytdəki səfirliyindən bildirilib.
Qəbul üçün təşəkkürünü bildirən səfir Tural Rzayev ölkələrimiz arasında qurulmuş dost və qardaş münasibətlərdən söhbət açaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Küveyt Dövlətinə etdiyi rəsmi səfərin bu əlaqələrin inkişafında yeni səhifə açdığını vurğulamışdır. Parlamentlərimizin arasında da səmimi işgüzar münasibətlərin olduğunu da qeyd edərək hər iki ölkə parlamentlərinin deputatlarının qarşılıqlı səfərlərindən məmnuniyyətini dilə gətirmiş, Azərbaycan Respublikasının Parlamentinin Sədri cənab Oqtay Əsədovun təbrik və salamını çatdırmışdır. Səfir Rzayev bundan sonra da əlaqələrimizin inkişaf edəcəyinə ümidvar olduğunu bildirmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cənab Əl-Səduna ətraflı məlumat vermişdir.
Küveyt parlamentinin sədri öz növbəsində təbrik üçün təşəkkürünü bildirmiş, Ermənistan Azərbaycan Dağlıq Qarabağ məsələsində ölkəsinin hər zaman Azərbaycanın ədalətli mövqeyini, Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəklədiyini vurğulayaraq iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün çalışacağını qeyd etmişdir.
Cənab Əl-Sədun Azərbaycanlı həmkarı cənab Oqtay Əsədovun Küveytə rəsmi səfərini də səbirsizliklə gözlədiklərini bildirmiş, hər iki ölkə parlamentləri çərçivəsində fəaliyyət göstərən dostluq qruplarının bundan sonra da əlaqələrimizə müsbət töhfə verəcəyinə əmin olduğunu nəzərə çatdırmışdır.