Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M.Əliyev/
Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı Ukraynanın paytaxtı Kiyev şəhərində tədbir keçirilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, anım mərasiminə Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna üzrə nümayəndəliyinin əməkdaşları, diaspor fəalları, Ukraynanın bir sıra gənclər təşkilatları və media nümayəndələri qatılıblar.
Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək Azərbaycanın mədəniyyət beşiyi sayılan qədim Şuşa şəhərinin tarixi haqqında ətraflı məlumat verib, 20 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış Şuşa şəhərinin xarabalığa çevrildiyini, qədim ənənəyə malik şəhərdə minlərlə mədəniyyət abidələrinin yerlə yeksan edildiyini, məscid və dini etiqad məbədlərinin təhqir olunduğunu diqqətə çatdırıb.
Sonra tədbir iştirakçıları Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə istehsalı olan "Qarabağ tarixin burulğanında" sənədli filminə baxmaqla ermənilərin son iki əsrdə Azərbaycanda həyata keçirdiyi işğalçılıq və soyqırım siyasəti ilə tanış olublar.
Anım mərasimində çıxış edən filmin ssenari müəllifi, tanınmış telejurnalist Georgi Spaçakukotski, Qarabağ problemini araşdıran tədqiqatçı jurnalist kimi, 1988-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ daxil olmaqla əlavə 9 rayonunun, o cümlədən Şuşa şəhərinin işğal edilməsinin erməni və ermənipərəst dövlətlərin son 2 əsrdə Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq bu məsələyə biganə münasibət sərgiləyən dünya birliyini və beynəlxalq təşkilatları tarixi ədalətsizliyə goz yummaqda günahlandırıb.
Tədbirdə ermənilərin 150 il bundan əvvəl Dağlıq Qarabağa köçürülmə tarixindən danışan Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri İrfan Davudov, "böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin Ukraynanın Lvov şəhərinin də qədim erməni şəhəri olduğunu iddia etmələrindən bəhs edib.
Müstəqil Azərbaycanın hərbi iqtisadi qüdrətinə görə Cənubi Qafqazda lider dövlətə çevrilməsindən danışan ARDNŞ-nin Ukrayna üzrə nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov və Ümumukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə Şuşa başda olmaqla işğal altında olan Azərbaycan torpaqlarının düşmən tapdağından azad ediləcəyinə əmin olduqlarını bildiriblər.