...

Rəsmi Bakı Ermənistan rəhbərliyini məkrli, hiyləgər planlar qurmaqda günahlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2012 16:07 (UTC +04:00)
Ermənistan rəhbərləri hər yerdə həddindən artıq hiyləgər, məkrli planlar qurmağı sevirlər və onlar ömür boyu, 100 ildən artıqdır ki, bu planlarla yaşayırlar.
Rəsmi Bakı Ermənistan rəhbərliyini məkrli, hiyləgər planlar qurmaqda günahlandırır

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Ağayeva/

Ermənistan rəhbərləri hər yerdə həddindən artıq hiyləgər, məkrli planlar qurmağı sevirlər və onlar ömür boyu, 100 ildən artıqdır ki, bu planlarla yaşayırlar. Bunu cümə axşamı Trend-ə Ermənistan Prezidenti Serj Sarkisyanən son günlər cəbhədə baş verən insidentlə bağlı açıqlamasını şərh edərkən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Ermənistan rəhbərləri bu cür boş bəyanat verməyi sevirlər. Onlar Qərbin onlara olan bir qədər "isti" və bir qədər də başqa maraqlara xidmət edən münasibətini görüb özləri belə boş-boş bəyanatlar verirlər", - Məmmədov bildirib.

PA rəsmisi qeyd edib ki, Ermənistan rəhbərlərinin bu məkrli, hiyləgər, aqressiv, yəni kimlərəsə söykənib onların kölgəsində bu cür hay-küy salmaqla münaqişənin həllini uzatması onlara bir vaxt faciə ilə başa gələcək.

"Ötən dəfə də ABŞ-ın dövlət katibi Hillari Klinton bura gələndə, ermənilər belə bir təxribatçı addım atdılar və bu ərəfədə də Qərbin müəyyən dairələrindən, öz lobbilərinin imkanlarından istifadə edərək Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa çalışdılar. Amma onların bu mövqeyi heç bir vaxt uğur qazana bilməz. Çünki bütün bu proseslər Azərbaycanın ərazilərində baş verir. Əgər Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxsalar, heç bir silahlı insident də olmayacaq, heç bir əsgər, hərbçi də ölməyəcək", - Məmmədov deyib.

Qeyd edək ki, son günlər cəbhə xəttində atəşkəsin pozulması intensivləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətin yaydığı məlumata görə, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Novruz Məmmədovun şərhini onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində - www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti