Təfərrüatlar əlavə olunub (ilk xəbər 14:36-də çıxıb)
İrlandiya, Dublin, 6 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/
ATƏT-in Dublində keçirilən sammitinin yekunlarına dair Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə sənəd qəbul olunacaq. Bu barədə cümə axşamı Trend-ə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, daha əvvəl Azərbaycan və Ermənistanın XİN rəhbərləri ayrıca həmsədrlərlə danışıqlar aparıblar. Danışıqlarda sənədin layihəsi müzakirə olunub.
Məmmədyarov qeyd edib ki, bu məsələ üzrə müzakirə davam etdiriləcək.
"Hazırda bunun 3+2 formatında və ya ayrıca həmsədrlərin özlərinin bəyanatı olması müzakirə edilir", - nazir vurğulayıb.
Onun sözlərinə görə, həmsədrlər hazırda nazirlərlə "süni danışıqlar" aparır, ehtiyac yaranarsa, Azərbaycan və Ermənistanın XİN rəhbərərinin görüşü mümkündür.
Nazir bildirib ki, təkliflərdən biri gələn ilin əvvəlində Parisdə iki nazirin görüşünün keçirilməsidir. Onun sözlərinə görə, çox güman ki, bu, yanvarın sonunda olacaq.
"İstənilən halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nazirlərin görüşündə müəyyən bir formada səsləndiriləcək", - Məmmədyarov deyib.