Azərbaycan, Bakı, 10 may /Trend, müxbir H.Vəliyev/
Ermənistanın ali rəhbərliyinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqları irəliyə aparmaq üçün hansısa addımları olmayacaqsa, iki ölkənin parlamentarilərinin görüşünün də müsbət nəticə ilə bitəcəyinə ümidim yoxdur. Trend-in məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova verib.
Vitse-spikerin sözlərinə görə, Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünün keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə konkret təklif daxil olmayıb.
Muradova bildirib ki, parlamentarilərin görüşü ilə əlaqədar məsələnin reallaşmasını zaman göstərəcək:
"Amma danışmamaqdansa, danışmaq daha yaxşıdır. Görüşlər təşkil etməklə tərəflərin mövqeyini bir-birinə yaxınlaşdırmaq və ən xırda imkanlardan belə istifadə etmək lazımdır".