Azərbaycan, Bakı, 17 may /Trend/
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Vüqar Qasımlı və Rövşən İbrahimovun Qahirəyə səfəri çərçivəsində Misir hökuməti yanında qərarların qəbul edilməsi və informasiya strateji mərkəzində görüş keçirilib.
Trend-in məlumatına görə, mərkəzin sədri Yaser Əli Azərbaycanın əldə etdiyi iqtisadi-siyasi inkişafın böyük maraq doğurduğunu qeyd edərək, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
O, hazırda keçid dövrünü yaşayan Misirin Azərbaycanın bu sahədəki uğurlu təcrübəsinin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salaraq müstəqilliyin ilk illərində qarşıya çıxan çətinliklərə, ciddi xarici təhdidlərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bütün təhlükələrə sinə gərdiyini və uğurlu inkişaf yoluna çıxdığını qeyd etmişdir. Azərbaycanın enerji siyasətinin prioritetləri, sosial-siyasi inkişafının əsas göstəriciləri barədə danışan səfir diqqəti Azərbaycan-Misir əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğuna, əlaqələrin daha da gücləndirilməsinin vacibliyinə yönəldib.
XİN-in mətbuat katibi Elman Abdullayev Azərbaycanın xarici siyasətin prioritet istiqamətlərinə toxunaraq, hazırda yüksək siyasi-iqtisadi inkişafa nail olan ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdidin Ermənistanın təcavüzü olduğunu bildirib. O, Azərbaycanın region boyunca iqtisadi inkişafa və çiçəklənməyə dəyərli töhfələr verdiyini və bunun öz bariz təcəssümünü Gürcüstan və Türkiyənin timsalında tapdığını vurğulayıb.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Vüqar Qasımlı və Rövşən İbrahimov Azərbaycanın müasir inkişaf modelinin özünəməxsus cəhətlərini açıqlayaraq, neft-qaz sənayesi ilə paralel olaraq qeyri-neft sektorunun inkişaf dinamikasını nəzərə çatdırıb və 2020-ci ilə qədərki dövrü əhatə edən gələcəyə baxış konsepsiyasından danışıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Əl-Əhram strateji və siyasi araşdırmalar mərkəzində də olub və aparıcı elmi tədqiqatçılarla görüşüb. Mərkəzin sədr müavini İdris Məhəmməd və ehtiyatda olan general-mayor Məhəmməd Qədri Azərbaycan və Misirin yerləşdikləri regionda mühüm strateji rol oynadıqlarını qeyd edərək, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə elmi və strateji araşdırmalar aparılmasının vacibliyini gündəmə gətiriblər.
Səfir Şahin Abdullayev regiondakı mövcud vəziyyət və xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi və onun fəsadları barəsində ətraflı məlumat verib.