...

Mübariz Əhmədoğlu: RF "Ermənistan Rusiyaya, Dağlıq Qarabağ isə Azərbaycana və ya...” siyasətini rəsmiləşdirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Dekabr 2013 11:41 (UTC +04:00)
Rusiyanın 3 sentyabrdan sonrakı Ermənistanla münasibətində ciddi qətiyyət və konseptuallıq müşahidə olunur. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: RF "Ermənistan Rusiyaya, Dağlıq Qarabağ isə Azərbaycana və ya...” siyasətini rəsmiləşdirdi

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Rusiyanın 3 sentyabrdan sonrakı Ermənistanla münasibətində ciddi qətiyyət və konseptuallıq müşahidə olunur. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun fikrincə, RF Ermənistanla bağlı siyasətində iki istiqamətə xüsusi diqqət verir: "Birinci istiqamət Ermənistanın müstəqil siyasət formalaşdırmaq imkanından məhrum edilməsidir. İkinci istiqamət Dağlıq Qarabağın Ermənistandan uzaqlaşdırılmasıdır. Bu istiqamətlərdə RF-in atdığı addımın aşağıdakı kimi təsnif etmək olar".

Politoloq bildirib ki, Ermənistan Gömrük İttifaqına üzv qəbul olunması prosesi Rusiya tərəfindən xeyli intensivləşdirilib: "Dekabrın 24-də Gömrük İttifaqına üzv olan dövlət başçılarının sammiti bu barədə qərar qəbul etdi. Qazaxıstan prezidenti həmkarları (V.Putin və A.Lukaşenko) adından bəyan etdi ki, Qarabağ məsələsinə görə Ermənistanın "yol xəritəsi" xüsusi qeydlə imzalanıb".

M.Əhmədoğlu deyib ki, Ermənistan Gömrük İttifaqına üzv qəbul edildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin və ya sərhəd-nəzarət buraxılış məntəqəsinin olmayacağını rəsmi Yerevan təkzib etməyib: "Hakim partiyadan olan deputatlar və bəzi nazirlər Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin olacağını fakt kimi qəbul edir və buna öz maraqları prizmasından şərhlər verirlər. Vaxtilə Dağlıq Qarabağı "de-fakto Ermənistan ərazisi" adlandıran rəsmi siyasətçilər indi Dağlıq Qarabağı "de-fakto Gömrük İttifaqının ərazisini" adlandırırlar. Bütün hallarda Dağlıq Qarabağla Ermənistan arasında ayırıcı xəttin olacağı şəksizdir".

Politoloqun sözlərinə görə, RF sərhəd xidməti Ermənistanda xüsusi struktur yaradır. Bu vaxtadək Ermənistanın iki qonşusu ilə - Türkiyə və İranla olan sərhədini rus sərhədçiləri qoruyurdu. İşğal faktına görə Ermənistanın Azərbaycanla sərhədi qeyri-müəyyən formaya düşüb: "Gürcüstanla sərhədini isə Ermənistan özü qoruyur. RF Milli Təhlükəsizlik Şurasının Katibi N.Patruşev iyun ayında Yerevanda olarkən "Ermənistanın bütün 4 qonşusu ilə sərhədini Rusiya sərhədçiləri qorumalıdır" şərtilə Ermənistanın təhlükəsizliyinə təminat verdi. Söhbət 29.7 min km2-lik Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədindən gedir. Bir az da aydın desək, Rusiyanın təhlükəsizlik təminatı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına şamil edilmir".

M.Əhmədoğlu bildirib ki, "Rosneft" Ermənistanın yanacaq-energetika sahəsini öz monopoliyasına aldı. "Rosneft"in həm də ARDNŞ-lə 3-cü ölkədə birgə layihə reallaşdırmaqla bağlı sazişi var: "Sırf iqtisadi motivlərə söykənsək, "Rosneft" üçün Ermənistanı neft məhsulları ilə təmin etmənin ən səmərəli mənbəyi Azərbaycandır".

Onun sözlərinə görə, "Armrosqazprom" tamamilə Rusiyanın mülkiyyətinə çevrildi: "Ermənistan parlamentində təsdiq olunmuş müqaviləyə görə Ermənistan RF-dən aldığı qazı yalnız öz ərazisində istehlak edə bilər; Öz ərazisindən kənara çıxarmağa ixtiyarı yoxdur. Bir az da aydın desək, Ermənistan yaxın vaxtlarda Dağlıq Qarabağa qaz nəql etmək imkanından ən azı, hüquqi baxımdan məhrum olacaq. RF-in bu addımı da, Dağlıq Qarabağın Ermənistandan uzaqlaşdırılması kimi qəbul edilməlidir".

Politoloqun fikrincə, RF Ermənistanın öz təsir zonasına salıb. Ermənistanın Rusiyanın təsir zonasından çıxmağa hüquqi, siyasi, hərbi imkanı yoxdur: "Rusiya Dağlıq Qarabağı da Ermənistandan ayıracaqdır. O da bəllidir ki, Dağlıq Qarabağa Azərbaycandan başqa heç kim sahib dura bilməyəcək. V.Putinin Azərbaycan Respublikasına indiki münasibəti hər iki dövlət üçün hədsiz böyük dividentlər vəd edir. Rusiya Yaxın Şərq regionunda uğurlu geosiyasətini davam etdirmək istiqamətində güclü müttəfiq əldə edir; Azərbaycan isə Rusiyanın timsalında təhlükəsizliyinin təmini üçün böyük bir xəzinə qazanmış olur. Ermənilərin Qarabağ istiqamətindəki fəaliyyəti Rusiya ilə Azərbaycan arasında ciddi inam çatışmamazlığı yaradıb. Dağlıq Qarabağın əlavə şərt qoyulmadan Azərbaycana qaytarılması inam çatışmamazlığını aradan qaldıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti