...

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2014 10:11 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Məktəbdən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, millət vəkili Ceyhun Osmanlı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəsissələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov və BANM-nin kollektivi iştirak etmişdirlər. Tədbir Xocalı Abidəsini ziyarətlə başlamışdır.

Xocalı Abidəsini ziyarət etdikdən sonra Bakı Ali Neft Məktəbində təşkil olunmuş mərasimdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirmişdir ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlardan biridir. O vurğulamışdır ki, Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən tək müsibət deyil. E.Qasımov ötən əsrlərə və əsrin əvvəllərinə nəzər salaraq, "Quba , Bakı , Şamaxı," və bu kimi bir çox soyqırımlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Xocalı faciəsinin düşünülərək, planlı şəkildə həyata keçirilmiş, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu qeyd edən rektor E. Qasımov bildirmişdir ki, 1992-ci ilin fevral ayının 25-dən 26 -na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edildi. Mühasirəyə alınan şəhər yandırıldı. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

E.Qasımov vurğulamışdır ki, bu soyqırımı həyata keçirən insanlar bu gün Ermənistan dövlətinin siyasi elitası olmuşdur və ya bu vandalizmi həyata keçirən və törətdikləri vəhşilikləri yüksək fəxrlə qələmə alan və dünya ictimaiyyətinə çatdıran Z.Balayan kimi vandallar Ermənistan dövləti tərəfindən milli qəhrəman adına layiq görülmüşdür. Bu isə erməni millətinin hansı insani dəyərlərə və keyfiyyətlərə mənsub olduqlarının ən böyük göstəricisidir. O bildirmişdir ki, çox təəssüflər olsun ki, dünya ictimaiyyəti bu məsələyə bu günə kimi yetərli qiymətini verməmişdir, lakin mən inanıram ki, ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı dünya ictimaiyyəti tərfindən tanılacaq və bu cinayəti törədən şəxslər tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcəklər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, millət vəkili Ceyhun Osmanlı bildirmişdir ki, bildirmişdir ki, Xocalı soyqırımı XX-əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir. O qeyd etmişdir ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarının və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində artıq bir çox dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini Soyqırım kimi tanımış və pisləmişdirlər.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov öz çıxışında qeyd etmişdir ki, bugün dünyada silahlar deyil, beyinlər savaşır, yəni dünyada top- tüfəng deyil informasiya müharibəsi gedir və bu müharibənin açdığı yaralar daha dərin və təhlükəlidir. Bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyacı var. O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmağa çağıraraq bildirdi ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün tale yüklü məsələdir.

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəsissələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov öz çıxışında bildirmişdir ki, Xocalı Soyqırimı ilə bağlı dövlətimiz tərərfindən vahid siyasət həyata keçirilməkdədir. Vahid siyasətinin həyata keçirilməsində məqsəd, bələ faciələrin gələcəkdə təkrarlanmaması üçün bu cinayətə dair reallıqlar dünya ictimaiyyətinə çatdırılsın , onu törədənlər qanun və ədalət qarşısında cavab vermsinlər.

Tədbirin sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzi tərəfindən hazırlanmış "Xocalı- qərib obam" adlı tamaşa və Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən sosial şəbəkələrdə istifadə olunmaq üçün ingilis dilində hazırlanmış "Xocalı Soyqırımı" videoçarxı nümayiş olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti