...

Politoloq: Minsk qrupu həmsədrlərinin həm qrup halında, həm də fərdi fəaliyyətləri başqa nəticəyə gəlməyə imkan vermir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2014 13:31 (UTC +04:00)
"Yaxşı ki, həmsədrlər Dağlıq Qarabağ tənzimləməsi ilə məşğul deyillər. Müharibənin qarşısının alınması ilə məşğuldurlar. Əgər bu davranışla həmsədrlər Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olsaydılar, indi Dağlıq Qarabağ yəqin ki, Malayziya təyyarəsi kimi gedib Andaman adalarında itkin düşərdi".
Politoloq: Minsk qrupu həmsədrlərinin həm qrup halında, həm də fərdi fəaliyyətləri başqa nəticəyə gəlməyə imkan vermir

Azərbaycan, Bakı, 18 mart /Trend/

"Yaxşı ki, həmsədrlər Dağlıq Qarabağ tənzimləməsi ilə məşğul deyillər. Müharibənin qarşısının alınması ilə məşğuldurlar. Əgər bu davranışla həmsədrlər Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olsaydılar, indi Dağlıq Qarabağ yəqin ki, Malayziya təyyarəsi kimi gedib Andaman adalarında itkin düşərdi". Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.

M.Əhmədoğlu bildirib ki, ATƏT MQ həmsədrlərinin həm qrup halında, həm də fərdi fəaliyyətləri başqa nəticəyə gəlməyə imkan vermir: "Rusiyalı həmsədr İqor Popov Dağlıq Qarabağa səfəri zamanı separatçı rejimin hərbçiləri ilə görüşür. Onun bu addımının Dağlıq Qarabağ tənzimlənməsinə heç bir faydası yoxdur, ziyanı var. Amma İ.Popovun şəxsən özü üçün faydalıdır. Çünki RF XİN ermənilərin əlindədir. İ.Popovun birbaşa şefi ermənidir. Erməni şefinə yaranmaq məqsədi ilə o Dağlıq Qarabağdakı hərbçi quldurlarla görüşdü. Görünür, yaxınlarda İ.Popov şəxsi maraqlarının ödənməsində müəyyən uğur əldə edəcək".

Onun sözlərinə görə, amerikalı həmsədr Ceyms Uorlik vaxtilə Əfqanıstanda xidmət edib. İndi Ermənistan və Dağlıq Qarabağın da adı narkotrafik mövzusunda tez-tez hallanır: "Görünür, Uorlik üçün Ermənistan və Dağlıq Qarabağ əfqan narkoplantasiyaları assosiasiyalarını yaradır. Əfqan narkoplantasiyasına olan nostalji hisslər Uorlikə Dağlıq Qarabağ münaqişəsi haqqında reallıqları dərk etməyə imkan vermir. Fransalı həmsədr Jak Forun adı ancaq rəsmi sənədlərdə hallanır. Lakin bu Fransanın DQ tənzimlənməsində addım atmaması anlamına gəlmir. Yaxınlarda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Fransaya dəvət olundu və xarici işlər naziri Loran Fabiusla görüşdü. 10 ay bundan öncə E.Nalbandyan dəvət olunan zaman Fabiusun yanında etiraf etdi ki, Ermənistan 6 maddəli sənədi imzalamağa hazırdır. E.Nalbandyan 6 maddəli sənəd dedikdə, 2009-cu ildə ATƏT MQ həmsədr ölkə prezidentləri qəbul etdiyi və Ağ evin yaydığı "Yenilənmiş Madrid Prinsiplərini" nəzərdə tutur".

Politoloq deyib ki, yenilənmiş Madrid Prinsipləri ermənilər üçün məqbul olmadığına görə ER xarici işlər naziri o sənədi 6 maddəli sənəd kimi adlandırdı: "Ukrayna hadisələri fonunda gözləmək olardı ki, Fabius Ermənistandan Yenilənmiş Madrid Prinsipləri əsasında hazırlanmış Böyük Sülh Müqaviləsinin imzalanmasını tələb edəcək. Lakin Fransa XİN-i bu görüş barədə məlumat yaymayıb. Ermənistan XİN-in yaydığı məlumatdan isə anlaşılır ki, Prezident Fransua Ollandın Ermənistana səfərinin təşkili müzakirə edilib. Hər halda Fransa tərəfinin bu görüş barədə, eləcə də DQ tənzimlənməsi barədə məlumat yayması indi lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti