...

Azay Quliyev: Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün beynəlxalq birliyin səylərinin artırılmasına ehtiyac var (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2014 10:07 (UTC +04:00)
ATƏT PA-nın Büro üzvü olan A.Quliyev Almaniyanın ölkəmizin mühüm tərəfdaşlarından biri olduğunu bildirərək, Dağlıq Qarabağda erməni və azərbaycanlı əhalinin birgə yaşayışının təmin olunması və bölgənin gələcək statusunun müəyyənləşdirilməsi üçün iki icma arasında etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb.
Azay Quliyev: Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün beynəlxalq birliyin səylərinin artırılmasına ehtiyac var (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün beynəlxalq birliyin səylərinin artırılmasına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Berlində Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin üzvü, ATƏT Parlament Assambleyasının vitse-prezidenti xanım Doris Barnettlə görüşündə deyib.

ATƏT PA-nın Büro üzvü olan A.Quliyev Almaniyanın ölkəmizin mühüm tərəfdaşlarından biri olduğunu bildirərək, Dağlıq Qarabağda erməni və azərbaycanlı əhalinin birgə yaşayışının təmin olunması və bölgənin gələcək statusunun müəyyənləşdirilməsi üçün iki icma arasında etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb.

Millət vəkili buna görə iki icmanın nümayəndələrinin görüşünün keçirilməsinin əhəmiyyətini bildirərək xanım Barnetden bu təşəbbüsü dəstəkləməyi xahiş edib.

A.Quliyev Almaniya parlamentində Cənubi Qafqaz ölkələri dostluq qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın regiondakı siyasi və iqtisadi çəkisini, Almaniyanın əsas partnyoru və Ermənistanla münaqişə vəziyyətində olmasını nəzərə alaraq ölkəmizlə bağlı Bundestaqda ayrıca qrupun yaradılmasını təklif edib.

Doris Barnett Almaniya ilə Azərbaycan Respublikası arasındakı dostluq əlaqələrindən danışaraq parlamentlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm platforma olduğunu söyləyib.

Cənubi Qafqazdakı münaqişələr haqqında fikirlərini bildirən Almaniya Bundestaqının üzvü Azərbaycan və Ermənistan deputatlarının birgə görüşünün keçirilməsini təklif edib.

Doris Barnett səsləndirilən təkliflərə müsbət yanaşdığını və onların ətraflı öyrəniləcəyini söyləyib. Xanım millət vəkili ATƏT-in PA-nın 2014-cü ilin yayında Bakıda keçiriləcək 23-cü illik sessiyasına Almaniya nümayəndə heyətinin 13 deputatla, tam tərkibdə qatılacağını bildirib.

Görüşdə ATƏT-in PA-nın Bakıda keçiriləcək qarşıdakı sessiyası çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında müzakirələrin davam etdirilməsinin faydalı olduğu qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti