...

ATƏT Parlament Assambleyasının sabiq sədri azərbaycanlı məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2014 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sabiq sədri Rikkardo Milyori və İtaliyanın Asiya və Aralıq dənizi ölkələri üzrə İnstitutunun rəhbəri Antonio Lokenin mayın 16-da məcburi köçkünlərlə görüşüblər.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qonaqlar əvvəlcə Bakı İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında olublar.

Yataqxanadakı şəraitlə maraqlanan qonaqlar Füzuli rayonundan olan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxıblar.

Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və nəticələri, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Qeyd edilib ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilib. Həmçinin erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılması, öz doğma yurd-yuvalarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilib. Bununla belə, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutan Ermənistan işğal altında saxladığı ərazilərimizdə qanunsuz fəaliyyətini davam etdirməkdədir. Nəzarətdən kənarda qalmış bu ərazilərdə narkotik vasitələr əkilib becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri tüğyan edir. Həmin nəzarətsiz zona böyük həcmdə narkotiklərin MDB və Avropa ölkələrinə tranzit marşrutuna çevrilib.

Qonaqlara qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə görülmüş işlər barədə də məlumat verilib. Bildirilib ki, qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınıb. Bu qəsəbələrdə 180 mindən çox qaçqın və məcburi köçkün yerləşdirilib. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Sonra avropalı qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış olub. Məhəllə ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, yaşayış kompleksində sakinlər üçün bütün zəruri sosial infrastruktur obyektləri yaradılıb. Diqqətə çatdırılıb ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, tibb məntəqəsi və s. tikilib. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni qəsəbə və məhəllələr salınır.

Qonaqlar Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin evində çay süfrəsinə qonaq olub, məhəllədə tikilən 540 şagird yerlik orta məktəb binasına baxıblar.

Avropalı qonaqlar qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını vurğulayıb, Avropa ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verəcəklərini bildiriblər. Qonaqlar Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti