...

Siyavuş Novruzov: Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu girov götürülən şəxslərin tezliklə Azərbaycan tərəfinə verilməsini təşkil etməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2014 15:30 (UTC +04:00)
Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülmüş azərbaycanlılar öz ata-baba yurdunu, doğulduğu evi, oxuduğu məktəbi, valideynlərinin məzarlarını ziyarət etmək, bundan mənəvi təskinlik tapmaq istəyiblər.
Siyavuş Novruzov: Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu girov götürülən şəxslərin tezliklə Azərbaycan tərəfinə verilməsini təşkil etməlidirlər

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İlkin İzzət/

Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülmüş azərbaycanlılar öz ata-baba yurdunu, doğulduğu evi, oxuduğu məktəbi, valideynlərinin məzarlarını ziyarət etmək, bundan mənəvi təskinlik tapmaq istəyiblər. Məsələyə həm beynəlxalq təşkilatların, həm də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin yanaşması bu formada olmalı və onlar həmin şəxslərin tezliklə azad edillməsini və Azərbaycan tərəfinə verilməsini təşkil etməlidirlər. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, azərbaycanlıların ermənilər tərəfindən Azərbaycan ərazisində girov götürülməsi və onlara işgəncə verilməsi qeyri-qanunidir və beynəlxalq hüquqa ziddir: "Ermənilər tərəfindən girov götürülənlər öz ata-baba yurdlarına gediblər. Onların ora getmək hüququ var. Bu, Azərbaycanın ərazisidir və işğal altındadır. Onlara "diversant", "kəşfiyyatçı" və ya hər hansı digər ad qoymaq tamamilə yanlışdır. Azərbaycanlıların Azərbaycanın sərhədləri daxilində silahlı şəxslər tərəfindən tutulması və onlara cinayət işinin açılması qəti şəkildə düzgün deyil. Ora BMT-nin xəritəsində də Azərbaycanın ərazisi kimi göstərilib. Nəinki Kəlbəcər, Dağlıq Qarabağ da, Xankəndi də, Şuşa da Azərbaycanın əzəli və əbədi əraziləridir".

S.Novruzov qeyd edib ki, bu yaxınlarda bir Ermənistan vətəndaşı Tovuz rayonu istiqamətində Azərbaycan sərhədini keçmişdi. Azərbaycan tərəfi həmin şəxsi hətta müalicə edib sağaltdı və Ermənistan tərəfinə təhvil verdi. Lakin ermənilər isə tutulan azərbaycanlılara işgəncə verirlər: "Bu gün biz yenə erməni vəhşiliyinin şahidi oluruq. Ermənistan müdafiə nazirinin kəskin bəyanatı, Ermənistan rəhbərliyində təmsil olunan insanların məsələyə qeyri-humanist münasibəti, buna müxtəlif adların verilməsi, beynəlxalq təşkilatlara guya Azərbaycanın gizli olaraq "diversant" göndərməsi barədə məlumat ötürməsi böhtan xarakteri daşıyan məsələlərdir. Hesab edirəm ki, dünya ictimaiyyəti bunu düzgün qiymətləndirməlidir, əsir və girovlarla davranış qaydalarında beynəlxalq kodeksə əməl olunmalıdır. Lakin ermənilər girov götürdüyü azərbaycanlılara işgəncələr verirlər. Azərbaycanlı girovlardan birinin gözünün çıxarıldığı bildirilir. Ermənilər bunu qəhrəmanlıq hesab edirlər. Dinc sakinlərin tutulmasını özlərinin xüsusi xidmət orqanlarının qəhrəmanlığı kimi qələmə verməyə çalışırlar. Bu isə ictimaiyyətdə gülüş doğurur. Silahsız dinc sakinin belə vəziyyətdə, xeyli adam cəlb edilməklə tutulması bir şoudur".

Millət vəkili bildirib ki, hazırda bütün Azərbaycan cəmiyyəti bundan narahatdır, dövlət isə öz tərəfindən lazım olan bütün addımları atır.

S.Novruzov Moskvanın girov götürülmüş şəxslərdən birinin Rusiya vətəndaşı olması faktına heç bir reaksiyaya verməməsinə də münasibət bildirib: "Ermənilər tərəfindən girov götürülən azərbaycanlılardan birinin Rusiya vətəndaşı olması faktına Rusiya tərəfinin heç bir reaksiya verməməsi düzgün deyil. Rusiya buna dinməz-söyləməz yanaşmamalı və bu məsələyə ciddi reaksiya bildirməlidir".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, ermənilər tərəfindən 2 nəfərin girov götürülməsi və bir nəfərin öldürülməsi ilə bağlı kütləvi informasiya vasitələrində haqqında məlumat yayılan azərbaycanlı şəxslərin ailələri rəsmən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib. Hazırda BQXK bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir.

Bundan daha öncə BQXK bəyan etmişdi ki, Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Onun sözlərinə görə, Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialaraına baxmayaraq, bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti