...

Dağlıq Qarabağ münaqişəsi: eskalasiyanın qarşısını almaq münaqişəni söndürməkdən daha asandır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2014 18:19 (UTC +04:00)
Xəbərlər buraxılışında dünyada baş verənlərləri izləyən hər kəs hazırda hər gün dünyanın müxtəlif nöqtələrində baş berən dəhşətlərdən xəbərdardır.
Dağlıq Qarabağ münaqişəsi: eskalasiyanın qarşısını almaq münaqişəni söndürməkdən daha asandır

Azərbaycan, Bakı, 31 iyul /Trend/

İngilis xəbərlər xidmətinin rəhbəri Aynur Qasımova

Xəbərlər buraxılışında dünyada baş verən hadisələri izləyən hər kəs hazırda hər gün dünyanın müxtəlif nöqtələrindəki dəhşətlərdən xəbərdardır. Son illər dünya xəritəsi sözün hərfi mənasında hər gün insanların öldüyü "qaynar nöqtələr"lə bərq vurur.

"Ərəb baharı"ndan əziyyət çəkmiş, son illər üsyan və qiyamların yaşandığı alovlanan Yaxın Şərq yenə də dünya xəbərlərinin əsas mövzularından birinə çevrilib.

Artıq 1 aya yaxındır ki, orada qanlı qarşıdurma davam edir, nəticədə bu günədək 1350-dən çox fələstinli və 56 israilli ölüb. Bu qanlı toqquşmanın yaxın vaxtlarda dayanacağına dair heç bir işarət yoxdur...

Qonşu Suriya və Liviyada da hərbi əməliyyatlar ara vermir ki, bu da regionda vəziyyətin tezliklə sabitləşəcəyinə ümid etməyə əsas vermir.

Keçmiş sovet məkanında da vəziyyət qeyri-sabitdir. Ukraynada əsl vətəndaş müharibəsi gedir. Bu ölkədə yüzlərlə insanın həyatına son qoyan dərin siyasi böhran yarım ildir davam edir. İyulun 17-də Ukraynanın hava məkanında Malayziyanın "Boinq" təyyarəsinin vurulması nəticəsində 298 nəfər ölüb.

BMT Təhlükəsizlik Şurasının (TŞ) aviaqəzada günahkarları məsuliyyətə cəlb etməyə və beynəlxalq ekspertlərin qəza yerinə sərbəst gedişi üçün təyyarənin qəzaya uğradığı zonada hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul etməsinə baxmayaraq, indiyədək orada hərb əməliyyatlar davam edir.

Bununla yanaşı, keçmiş sovet məkanındakı közərən münaqişələri də unutmaq olmaz, onlardan hər biri istənilən qığılcımdan od tuta bilər.

Azərbaycan isə ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğu ölkədir. Son vaxtlar Ermənistan silahlı qüvvələrinin artəşkəs rejimini tez-tez pozması və Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində digər mənfi faktorlar tezliklə münaqişənin status-kvosunu dəyişə bilər. Yəni regionda daha bir "yanan" münaqişə yarana bilər və hazırda bunun qarşısını almaq mümkündür.

Qoşunların təmas xətti yaxınlığında dinc vətəndaşların öldürülməsi, Ermənistan tərəfinin mütəmadi təxribatları və Azərbaycanı ən xoşagəlməyən vəziyyətə salmaq cəhdləri dayanmır.

Buna son misal olaraq, Ermənistan tərəfinin Kəlbəcərdə saxlanılmış dinc Azərbaycan sakinlərini "diversantlar" qismində göstərmək cəhdidir.

Ermənistan KİV-in daha əvvəl yaydığı məlumata görə, iyulun 11-də işğal edilmiş Kəlbəcər rayonunun Şaplar kəndində Ermənistan xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşı öldürülüb, daha ikisi isə girov götürülüb və onlara qarşı cinayət işi qaldırılıb. Azərbaycan Müdafiə Nazirliyi göstərilən şəxslərin ölkənin Silahlı Qüvvələrinə mənsub olması haqqında məlumatı təkzib edərək bəyan edib ki, işğal edilmiş torpaqlar suveren Azərbaycanın ərazisidir və azərbaycanlıların bu ərazilərdə sərbəst hərəkətini qadağan etmək olmaz.

Təbii ki, qeyd edilən şəxslər heç bir sərhədi pozmayıblar, çünki işğal nəticəsində qanunsuz rejimin nəzarət etdiyi torpaqlar BMT-nin tanıdığı Azərbaycan ərazisidir.

Niyə Ermənistan özünün kifayət qədər olan problemlərinin həlli ilə məşğul olmur? Acınacaqlı vəziyyət, ciddi demoqrafik problemlər, Ermənistandan əhalinin kütləvi emiqrasiyası, ölkə rəhbərliyində qarşıdurma - diqqət yetirilməli olan problemlər bunlardır. Bunun əvəzində isə biz Ermənistanın dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsində qəbuledilməz status-kvodan yayındırmaq cəhdlərini görürük. Ermənistandan fərqli olaraq, Azərbaycan uğurlu iqtisadi inkişafın olduğu, hər bir vətəndaşın özünü təhlükəsiz hiss etdiyi çiçəklənən ölkədir.

Ermənistanın destruktiv siyasət yürütmək əvəzinə, işğal edilmiş əraziləri çoxdan qaytarmalı, özünün həssas iqtisadiyyatını böhrandan çıxarmaqla məşğul olmalı idi. Ermənistan iqtisadiyyatı hazırda xalqın ehtiyacları ilə deyil, bir sıra oliqarxların maraqları ilə bağlıdır.

Ermənistan BMT TŞ-nin qətnamələrinə və beynəlxalq hüquq normalarına məhəl qoymamağa davam edir. Öz növbəsində, beynəlxalq institutlar dərk etməlidirlər ki, münaqişənin eskalasiyasının qarşısını almaq onu söndürməkdən daha asandır. Nə qədər ki Azərbaycanın səbri daşmayıb, regionda sülhün qorunmasına xidmət edəcək addımlar atmaq lazımdır.

"Dondurulmiş münaqişələr"in olduğu regionlar barıt çəlləyini xatırladır və beynəlxalq institutlar yadda saxlamalıdır ki, regional münaqişə vaxtında həll edilməsə, o, sürətlə qlobal miqyaslı münaqişəyə çevrilə bilər. Bu da minlərlə dinc sakinin həyatına son qoyacaq və uzun müddət regionda sabitliyi unutmağa vadar edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti