...

Məlahət İbrahimqızı: Son təxribatlar Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2014 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Ermənistanın cəbhədə törətdiyi son təxribatlar ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Bu barədə Trend-ə millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili qeyd edib ki, Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar qəbul olunduğu kimi, Ermənistana qarşı da belə sankiyalar tətbiq edilməlidir.

M.İbrahimqızı bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində hər şey aydın göstərilib: "Ancaq bütün bu qətnamələr 20 ildən artıqdır ki, yalnız kağız üzərində qalır. Bütün bunlar beynəlxalq ictimaiyyətin ikili standart aparmasının nəticəsidir. Artıq Azərbaycanın ən sadə vətəndaşı da bilir ki, beynəlxalq ictimaiyyət ikili standartlar aparır və xalqın fikrini bu problemdən yayındırmaq istəyir".

M.İbrahimqızı əlavə edib ki, bu gün bütün dünya ictimaiyyəti, Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın son təxribatlar zamanı verdiyi hər bir şəhidə, hər bir yaralıya görə məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, ermənilərin cəbhədə törətdiyi son təxribatlar zamanı Azərbaycan hərbçilərinin öldürülməsinin məsuliyyəti işğalçı, mənfur və terrorçu Ermənistan hakimiyyəti ilə yanaşı, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin də üzərinə düşür. Ona görə də ən qısa zamanda bu işğala, bu təcavüzə son qoyulmalıdır.

M.İbrahimqızı deyib ki, ATƏT-in Minsk qrupunun bəyanatında Ermənistan ilə Azərbaycan bərabərləşdirilməməlidir: "Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Ermənistana dəstək vermək, işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti