Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
Polşa Senatının üzvləri Dağlıq Qarabağ separatçılarının nümayəndələri ilə şəxsi təşəbbüs əsasında görüşüblər. Bunu cümə axşamı Trend-ə Polşa xarici işlər nazirinin müavini Tomaş Orlovski Azərbaycan Xarici İşlər Nazirliyində keçirilmiş görüşdən sonra deyib.
Onun sözlərinə görə, Senat nümayəndələrinin Dağlıq Qarabağa şəxsi səfirlərini şərh edə bilməz: "Ölkəmiz Dağlıq Qarabağın müstəqilliyini tanımır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Pola Senatı üzvlərinin şəxsi səfərlərini isə şərh edə bilmərik".
Ermənistan KİV-in bir müddət əvvəl yaydığı məlumatda bildirilirdi ki, Polşa Senatının üzvü, Ermənistan-Polşa dostluq qrupunun rəhbəri Lukaş Abqaroviçin başçılıq etdiyi Polşa nümayəndə heyəti separatçı Dağlıq Qarabağa səfər edib.
T.Orlovski deyib ki, Polşa-Azərbaycan əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirir: "Bakı Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsinin vacib amilidir. Biz Azərbaycanla dostuq və ölkənizlə qədim tarixi əlaqələrə və əməkdaşlığa malikik".
Nazir müavinin sözlərinə görə, Polşa ölkə iqtisadiyyatının, xüsusilə neft-qaz sahəsinin inkişafına kömək edə bilər.