...

Tanınmış amerikalı politoloq da ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi təklifini dəstəklədi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2015 11:06 (UTC +04:00)
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədr müavini, Büro üzvü, deputat Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə Almaniya və Türkiyənin yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” ilə əvəz olunması təklifi ilə çıxış etmişdir.
Tanınmış amerikalı politoloq da ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi təklifini dəstəklədi

Azərbaycan, Bakı, 20 aprel /Trend/

ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü, deputat Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Almaniya və Türkiyənin yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası" ilə əvəz olunması təklifi ilə çıxış edib. Bu təklif bir çox Avropa ölkələrinin, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin təmsilçiləri, o cümlədən Almaniya və Türkiyənin tanınmış siyasi xadimləri, parlamentariləri, ekspertlər, politoloqlar tərəfindən dəstəklənib. Həmsədrlik institutunun formatının dəyişdirilməsi ilə bağlı təklifə dəstək bu dəfə ABŞ-dan gəlib.

Trend-in məlumatına görə, ABŞ-ın Los Anceles şəhərində Loyola Marymount Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən elmi konfransda Çapman Universitetinin əməkdaşı Dr. Ceyms Koylun çıxışı diqqəti cəlb edib. O, ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, bu qurum tərəfindən indiyə qədər görülən işlərin, irəli sürülən təkliflərin heç bir nəticə vermədiyini, fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. C.Koyl ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, bu Qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, konfrans ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los Anceles Beynəlxalq Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman Universiteti tərəfindən təşkil olunub. Tədbirdə beyin mərkəzlərinin tanınmış ekspertləri, Almaniya Bundestaqının üzvü və ATƏT-in Parlament Assambleyasının sədr müavini Doris Barnet, sabiq ABŞ və Avstraliya diplomatları, Cənubi Kaliforniya, Börkli, Çapman və Stanford universitetlərinin professorları və digər nüfuzlu şəxslər iştirak edib, məruzələr dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti