...

Elmar Məmmədyarov: Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2015 15:01 (UTC +04:00)
“Son illərdə münaqişə zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsi öz həyatını itirənlərin və öz evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artmasına səbəb olub”.
Elmar Məmmədyarov: Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Son illərdə münaqişə zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsi öz həyatını itirənlərin və öz evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artmasına səbəb olub".

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda "Yeni inkişaf gündəliyi çərçivəsində miqrasiya və qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi"nə dair yüksək səviyyəli paralel tədbirdə çıxışı zaman deyib.

Nazir qeyd edib ki, müharibələr nəticəsində dağıdılmış Yaxın Şərq və Şimali Afrika regionundan presedenti olmayan kütləvi miqrasiya halları və Avropa istiqamətində yol boyunca qadınlar və uşaqlar daxil olmaqla, günahsız insanların ölüm səhnələri sarsıdıcıdır: "Biz beynəlxalq ictimaiyyətin ilk növbədə və hər şeydən öncə yeni silahlı münaqişələrin baş verməsinə imkan verməməyinə və eyni zamanda, mövcud münaqişələrin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında effektiv şəkildə həll yolları axtarmalı olmasına inanırıq. Zərər çəkmiş insanların problemlərinin həll edilməsində dövlətlər və BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlar, müvafiq BMT mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi də əhəmiyyətlidir".

E.Məmmədyarov bildirib ki, faktiki olaraq qaçqınlar və məcburi köçkünlər probleminin həll edilə bilməməsi yalnız Cənubi və Mərkəzi Avropa ölkələri üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir: "Biz həmçinin bəzi siyasi liderlərin zərərçəkmiş miqrantlardan öz məkrli maraqları üçün istifadə etmə cəhdlərinə də diqqət yetirməliyik. Bu xüsusda, Ermənistan rəhbərliyi tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında Suriyadan olan erməni əsilli miqrantların məskunlaşdırılması yolverilməzdir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasına sübutdur".

Nazir qeyd edib ki, 25 il boyunca qaçqın və məcburi köçkün problemindən əziyyət çəkən bir ölkə kimi Azərbaycanın bu sahədə təcrübəsini sizinlə bölüşmək istərdim: "Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayondan olan qaçqın və məcburi köçkünlərin sayı təqribən bir milyondur. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük yükə sahibdir. Azərbaycan Hökuməti ötən illər ərzində əhalinin bu hissəsinin ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli resurslar ayırıb. Bu, ilk növbədə daha yaxşı mənzil şəraiti və məcburi köçkünlər arasında yoxsulluğun dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması ilə nəticələnib. 2007-ci ildə ölkədə sonuncu məcburi köçkün düşərgəsi (ümumilikdə 12 düşərgə) ləğv edilib. Bizim məcburi köçkünlərin sosial, təhsil, tibb və iqtisadi dayanıqlılığının gücləndirilməsi istiqamətindəki nailiyyətlərimiz Azərbaycana səfəri zamanı Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru cənab William Swing tərəfindən qeyd edilmiş və alqışlanıb".

Nazir vurğulayıb ki, hökumət tərəfindən görülmüş irimiqyaslı işlərə baxmayaraq, məcburi köçkün probleminin tam həllinə nail olunması çox çətindir: "400 min məcburi köçkün hələ də köhnə və narahat evlərdə çətin şəraitdə yaşamaqda davam edir. Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir. Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər aydındır: bütün Azərbaycan əraziləri işğaldan azad edilməli və məcburi köçkünlərin öz evlərinə qayıtmaq və mülkiyyət hüququ təmin edilməlidir. Azərbaycan Hökuməti tərəfindən hazırlanmış "Böyük qayıdış" adlı müfəssəl qayıdış proqramı Ermənistan işğalçı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından dərhal sonra məcburi köçkünlərin öz evlərinə qayıtma və mülkiyyətlərindən istifadə hüquqlarının reallaşdırılmasını nəzərdə tutur. Qayıtmaq hüququnun təmin edilməsi etnik təmizləmədən qəti şəkildə imtina edilməsini təşkil edir və öz evlərindən və torpaqlarından məcburi köçkün düşmür şəxslər üçün əhəmiyyətli ədalət tədbirlərini təklif edilməsi ilə gələcəkdə mümkün gərginlik və münaqişələrin qarşısını alır. Fərdi hüquq və azadlıqların pozulması bu pozuntunu törədən şəxsin xeyrinə və onun əvvəlcədən işləyib hazırladığı məqsədə gətirib çıxarmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti