...

Əbülfəs Qarayev Omanda ermənilərin Qarabağda İslam irsini dağıtmasından danışıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2015 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Elmir Murad/

Oman Sultanlığının paytaxtı Məsqət şəhərində ISESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın birinci günündə çıxış edən Ə.Qarayev 23-27 noyabr 2015-ci il tarixində Bakıda keçiriləcək ISESCO İcraiyyə Şurasının iclası və 12-ci baş konfransı haqqında geniş məlumat verib, həmçinin tədbir iştirakçılarını Bakıya dəvət edib. Daha sonra son illərdə İslam ölkələri ilə əməkdaşlıq edən beynəlxalq təşkilatların Azərbaycanın paytaxtında çoxsaylı tədbirlərinin keçirildiyini xatırladan nazir 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib.

Nazir Azərbaycan Prezidentinin təşəbbüsü ilə təməli qoyulan "Bakı Prosesi" və bu il artıq 3-cü dəfə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tolerantlığa və multikulturalizmə xidmət etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan tolerant ölkə nümunəsini dünyaya çox düzgün formada əyani şəkildə göstərir. Nazir çıxışının sonunda 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları haqqında da geniş məlumat verib.

Ə.Qarayev tədbirdə Qarabağ ərazisində erməni işğalçıları tərəfindən İslam irsinin dağıdılması və məhv edilməsi barədə məsələ qaldırıb, bu məsələdə İslam dünyasının öz mövqeyini nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı noyabrın 4-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti