...

MN: Azərbaycan Alxanlı kəndində atəş nöqtələrinin olmadığını sübut etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2017 19:06 (UTC +04:00)
Azərbaycan Alxanlı kəndində atəş nöqtələrinin olmadığını sübut etdi.
MN: Azərbaycan Alxanlı kəndində atəş nöqtələrinin olmadığını sübut etdi

Bakı. Trend:

İyulun 6-da Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu və Füzuli rayonunun İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin (KİV) Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində iki dinc kənd sakininin həlak olduğu Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil edilib.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ərazidə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin qərargahının və atəş nöqtələrinin olmadığını sübut edən dəlillər onlara yerində təqdim olunub.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olublar.

Bu fakt bir daha təsdiq edir ki, Ermənistan silahlı bölmələrinin əsas hədəfi dinc Azərbaycan əhalisi olub. Ermənistan tərəfinin kənd ərazisində guya hərbi bölmələrimizin olması barədə yaydığı məlumat dezinformasiya və yalandır.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti