...

Peru dövlət televiziyasının populyar proqramının müəllifi və aparıcısı: “Azərbaycan ərazilərinin işğalı qəbuledilməzdir” (FOTO/VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2020 09:17 (UTC +04:00)
Peru dövlət televiziyasının populyar proqramının müəllifi və aparıcısı: “Azərbaycan ərazilərinin işğalı qəbuledilməzdir” (FOTO/VİDEO)

Bakı. Trend:

Peru dövlət televiziyası olan “TV Peru” telekanalının tanınmış “Geo Mundo” verilişinin 31 oktyabr buraxılışı bütövlükdə Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunub və veriliş ərzində səfir Məmməd Talıbovun münaqişə haqda müsahibəsi efirə gedib.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, müsahibədə səfir Ermənistanın 1988-ci ildən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyünü, 1991-94-cü illər ərzində isə Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizini işğal etdiyini və həmin ərazilərdə etnik təmizləmə apararaq bir milyona yaxın azərbaycanlını oradan qovduğunu məlumat verib.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması və məcburi köçkünlərin evlərinə qayıtmasına şərait yaradılmasını tələb etdiyini deyən səfir, Ermənistanın törətdiyi işğalın nəticələrini qorumaq siyasətindən əl çəkməyərək həmin sənədlərin tələblərinə bu günədək məhəl qoymadığını, habelə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da davamlı şəkildə qeyri-konstruktiv mövqe sərgilədiyini və bu səbəbdən danışıqların 28 il ərzində heç bir nəticə vermədiyini bildirib.

Qeyd edib ki, Ermənistanın milliyətçi hökumətinin son iki il ərzində izlədiyi daha aqressiv hərbi-siyasi doktrina, bu ölkənin baş nazirinin danışıqlar prosesinin tamamilə pozulmasına səbəb olan “Qarabağ Azərbaycandır və nöqtə”, müdafiə nazirininsə “yeni ərazilər üçün yeni müharibələr” şəklində açıqlamaları, iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilmiş təxribat və buna bənzər digər təxribatçı bəyanat və addımların davamı olaraq işğalçı dövlət 27 sentyabrdan etibarən ölkəmizə qarşı növbəti dəfə təcavüzə cəhd edərək hərbi mövqelərlə yanaşı mülki əhalini də hədəfə almışdır. Yaranmış durumda Azərbaycan ordusunun mülki əhalinin təhlükəsizliyini təmin etmək, BMT TŞ-nin qətnamələrinin icrasına nail olmaq və işğal olunmuş əraziləri azad etmək üçün özünümdüfaiə hüququ çərçivəsində əks-əməliyyat tədbirləri gördüyünü bildirib.

Regionda sülhün formulunun BMT qətnamələrinin icrası və Ermənistan işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması olduğunu deyən diplomat, bu formulun Minsk qrupu çərçivəsində müəyyən edilmiş baza prinsiplərində də əks olunduğunu bildirib. Müxbirin sualına cavab olaraq qeyd edib ki, Azərbaycan çoxmədəniyyətli ölkədir, hazırda paytaxt Bakıda da erməni əsilli insanlar yaşayır, işğal edilmiş ərazilərdə yaşayan ermənilərlə heç bir probelmimiz yoxdur və Ermənistan silahlı qüvvələri həmin əraziləri tərk etdikdən və azərbaycanlı məcburi köçkünlər geri qayıtdıqdan sonra hər iki xalqın nümayəndələri barışıq halında birgə yaşaya bilər.

Türkiyənin münaqişədəki rolu ilə bağlı suala münasibətdə səfir Türkiyənin Cənubi Qafqaz ölkələrinin hər üçü ilə həmsərhəd olan yeganə ölkə olduğunu, regionda sabitləşdirici rol oynadığını, buradakı ən başlıca iqtisadi layihələrində birbaşa iştirak etdiyini, eyni zamanda Minsk qrupunun üzvlərindən biri olduğunu və Azərbaycanı dəstəkləyən digər ölkələr kimi beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini bildirib.

Maraqlı məqam odur ki, Peruda akkreditə olunmuş Ermənistan səfiri ilə də müsahibənin efirə getdiyi verilişin sonunda müəllif münaqişə ilə əlaqədar şərh bildirərək, Ermənistanın Dağlıq Qarabağa olan iddialarının beynəlxalq hüquq baxımından heç bir əhəmiyyəti olmadığını və ərazilərin işğalının qəbuledilməz olduğunu qeyd edib, BMT TŞ-nin 853 saylı qətnaməsinin mətnindən sitat gətirərək bu qətnamənin də həmin ərazilərin Azərbaycana aid olduğunu və beynəlxalq hüququn Ermənistandan işğal etdiyi ərazilərdən çıxmağı tələb etdiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti