...

QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ YOLLARI İLƏ BAĞLI RƏY SORĞUSU KEÇİRİLİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2005 16:46 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarabağın işğaldan azad edilməsi ilə bağlı Bakı şəhərində əhali arasında rəy sorğusu keçirib. Bu barədə Trend ə QAT-dan məlumat verilib. Təşkilat 2005-ci il sentyabrın 1-dən başlayaraq hər ayın 1-də rəy sorğusu keçirir. Sentyabr və oktyabrın 1-də keçirilmiş sorğularda respondentlərə yalnız bir sual verilib: Qarabağ məsələsinin hansı yolla həllini mümkün hesab edirsiniz? Cavab vermək üçün üç variant təklif olunub-hərbi yolla, sülh yolu ilə, yaxud cavab verməyə çətinlik çəkirəm.

Sorğularda iştirak edən respondentlər 3 kateqoriyaya ayrılıb: gənclər, orta yaşlılar və ahıllar. Sentyabrın 1-də keçirilən sorğuda 1943 nəfər respondent iştirak edib. Gənclərdən 49 faizi münaqişənin hərbi yolla həllinə üstünlük verib. Münaqişənin sülh yolu ilə həllini mümkün sayan gənc respondentlər 35 faiz təşkil edib, 16 faiz iştirakçı isə cavab verməyə çətinlik çəkib. Orta yaşlılardan hərbi əməliyyatlara üstünlük verənlər 39 faiz, sülh yolunu dəstəkləyənlər 40 faiz olub, 21 faiz cavab verməyib. Yaşlı respondentlərdən isə 50 faizi münaqişənin həllini hərbi yolla, 35 faizi isə sülh yolu ilə mümkün sayır. Qocaların 15 faizi cavab verə bilməyib.

Oktyabrın 1-də keçirilən sorğunun nəticələri bir qədər fərqlidir. Gənclərin 51 faizi, orta yaşlıların 49 faizi, daha yaşlıların isə 50 faizi münaqişənin həllini hərbi yolla mümkün sayırlar. Sülh yolunu seçən gənclər 32 faiz, orta yaşlılar 34 faiz, qocalar isə 29 faiz olub.

Xəbər lenti

Xəbər lenti