...

Vaqif Arzumanlı: "Dağlıq Qarabağ məsələsi erməni diasporu və lobbisi tərəfindən diqqətdə saxlanılır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2006 13:30 (UTC +04:00)

Dağlıq Qarabağ məsələsi erməni diasporu və lobbisi tərəfindən diqqətdə saxlanılır. Bu barədə Trend ə İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin prezidenti, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, professor Vaqif Arzumanlı erməni diasporu və lobbisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə təsirinə münasibət bildirərkən qeyd edib.

Politoloq qeyd edib ki, erməni diasporu və lobbisinin özünəməxsus fəaliyyət tarixi mövcuddur. Erməni lobbisi və diasporu uzaqgörənliklə və planlaşdırılmış şəkildə bütün dünyada yaşayan ermənilərə hamilik edir. V.Arzumanlı bildirib ki, erməni diasporunun inkişaf etmiş geniş fəaliyyət dairəsinə məxsus dövlətləri var: "Avropada Fransa, Yunanıstan, Şərqdə Livan, İran, Qərb dünyasında ABŞ-dır, Rusiyanın özündə erməni diasporu güclüdür". Politoloq vurğulayıb ki, harada yaşamalarından asılı olmayaraq ermənilər vahid bir məkandan - Ümümdünya Erməni Təşkilatı və erməni kilsəsi tərəfindən idarə olunurlar.

Politoloq qeyd edib ki, bu təşkilatların bütün planları 19-cu əsrin sonlarında yaradılmış Daşkansütun və Naçak partiyalarının fəaliyyəti ilə birbaşa bağlıdır: "Harada erməni diasporu güclüdürsə, orada erməni lobbisi də güclüdür". V.Arzumanlı onu da vurğulayıb ki, 1988-ci il fevral ayında süni şəkildə ortaya atılan Dağlıq Qarabağ məsələsinin özü də erməni diasporu və lobbisi tərəfindən diqqətdə saxlanılır: "Bu gün Xankəndi-Qafan yolunun çəkilməsini maliyyələşdirən, ağır iqtisadi vəziyyətlə üzləşmiş Ermənistana dayaq duran da erməni lobbisidir".

Professor Dağlıq Qarabağ məsələsinin ermənilərin özlərinin milli dərketməsi deyil, Ermənistanın Azərbaycana ərazi iddiası olduğunu bildirib: "Bu sahədə erməni lobbisi məqsədyönlü iş apardı. Baş ofisi ABŞ-da yerləşən Ümümdünya Erməni Təşkilatında dünyada yaşayan hər bir erməninin dosyesi açılıb və onlar həmin komitəyə hər ay üzvlük haqqı ödəyirlər".

Ermənistanda Xaricdə Yaşayan Ermənilərlə Əlaqə Komitəsinin 1947-ci ildə yarandığını xatırladan professor Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi zərurətindən də danışıb: "Diasporla bərabər Azərbaycan lobbisini də gücləndirməliyik. Azərbaycan diasporu bütün inkişaf etmiş dövlətlərdə var, amma lobbimiz yoxdur". V.Arzumanlı onu da vurğulayıb ki, xaricdə fəaliyyət göstərən bütün diaspor təşkilatları üçün eyni plan tərtib etmək də düzgün deyil: "Hər bir dövlətin özünəməxsus cəhətlərini nəzərə almaq lazımdır".

Xəbər lenti

Xəbər lenti