...

Azərbaycanın baş konsulu: Los-Ancelesdə Dağlıq Qarabağ separatçılarının lideri ilə danışıqlar ABŞ-ın rəsmi mövqeyinə ziddir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2006 14:15 (UTC +04:00)

Azərbaycanın Los-Angelesdəki baş konsulu Elin Süleymanov Los-Ancelesin Beynəlxalq işlər şurasının sədri Kurtis Makuya məktubla müraciət edib. Bu barədə Trend ə baş konsulluqdan məlumat verilib.

E.Süleymanovu məktub yazmağa təhrik edən səbəb Şuranın Dağlıq Qarabağ separatçı rejiminin başçısı Arkadi Qukasyanla görüşmək haqqında qərarı olub. "Əlbəttə, müxtəlif nəzər nöqtələrini eşitməkdə fayda var, lakin cənab Qukasyanın "prezident", Dağlıq Qarabağın isə "dövlət" kimi təqdim olunması yanlış fikrin yaranmasına səbəb olur. Sizə yaxşı məlum olduğu kimi, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazisində yaradılmış separatçı erməni rejimi heç bir ölkə, o cümlədən ABŞ və hətta Ermənistanın özü tərəfindən tanınmayıb. İşğal və etnik təmizləmə faktları isə sənədlərə əsaslanıb və beynəlxalq ictimaiyyət və Birləşmiş Ştatların höküməti tərəfindən qəbul olunub", - deyə baş konsulun məktubunda qeyd olunub.

O, həmçinin Şura sədrinin diqqətinə bir faktı da çatdırıb ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına çağıran bir neçə qətnamə qəbul edib və bildirib ki, BMT Azərbaycan və Ermənistan arasındakı vasitəçilərdən biridir. "Bundan əlavə, erməni separatçı rejiminin keçirdiyi Qukasyan da daxil olmaqla, bir etnik qrupdan ibarət olan "seçkilər" heç vaxt tanınmayıb və faktiki olaraq, beynəlxalq ictimaiyyət tərəfindən pislənib", - deyə məktubda qeyd olunub.

E.Süleymanov qeyd edib ki, Qukasyan işğal olunmuş ərazilərin bütün əhalisinin adından deyil, yalnız erməni separatçılarının adından danışa bilər. Bu zaman o xatırladıb ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, Arkadi Qukasyan və onun təmsil etdiyi rejimi isə heç kim tanımır. "Qeyd etdiyim kimi, əks halda yanlış fikir yaranacaq, həm də ABŞ-ın rəsmi mövqeyinə zidd olacaq. Bundan əlavə, yaxın gələcəkdə azərbaycanlı icma nümayəndələrinə də öz baxışlarını ifadə etmək üçün imkan yaratmaq ədalətli olardı", - deyə E.Süleymanov sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti